BAKI, 1 iyun. TELEQRAF
Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi tərəflər arasında ziddiyyətlər açıq xarakter almağa başlayıb. Hazırda Baş nazir Nikol Paşinyan ittihamlara cavab verir. Onu ittiham edirlər ki, “Qarabağı itirdin, satdın və s”. O da cavab verir ki, Qarabağ bizim deyildi, bu torpaqlar əvvəlcədən itirilmişdi. Bütün bunlar sözsüz ki, Ermənistanda seçkiöncəsi siyasi mübarizə fonunda daha çox önə çıxır.
Bunu Teleqraf-a Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, ola bilsin ki, bu şəraitdə Ermənistanda siyasi hakimiyyətə iddialı olan tərəflər arasında daha sərt ritorikaya əl atılsın:
“Paşinyan hazırda seçki kampaniyası ilə yanaşı II Qarabağ müharibəsi dövründə yaşanan situasiyaya görə bəzi məsələlərə aydınlıq gətirir. O iddialara cavab verir ki, “Qarabağı siz qoyub qaçmısınız”. Hətta onu Ermənistan sərhədlərini bağlı saxlamaqda və oradan çıxanları ölkəyə gec buraxmaqda da ittiham edirlər”.
Rasim Musabəyova görə, hazırda Ermənistan daxilində siyasi hakimiyyətdə üstünlük qazanmaq uğrunda mübarizə gedir:
“Bu məsələdə Rusiyanın da mövqeyi göz önündədir. Müəyyən inistutlar da tədqiqatlar aparıblar ki, Paşinyan bu seçkilərdən qalib çıxmalıdır. Sözsüz ki, seçkisonrası yaşananlar daha çox diqqəti çəkir. Bəzən iddia edirlər ki, seçkilərdən sonra Ermənistan konstituisya dəyişikliyə gedəcək və s. Təbii ki, bu elə də asan olan bir məsələ deyil. Paşinyan 3/2 səs toplamalıdır ki, konstitusiyanı dəyişmək mümkün olsun. Bu isə çox müəmmalıdır”.
Politoloq hesab edir ki, Paşinyan yenidən parlamentdə üstünlük qazanıb baş nazir seçiləcək:
“Ola bilsin ki, o digər addımları atmaq üçün kimlərisə öz tərəfinə çəkəcək və yaxud koalisiya yaradacaq. Bu isə sonrakı mövzudur. Amma seçkiyə kənar müdaxilə imkanları da fonunda Ermənistda daxili təlatümlərin başlaması ehtimalı daha böyükdür. Qarabağdan gedən ermənilərin bəziləri özləri ilə silah-sursat aparıblar. Ona görə də Ermənistanda terror və digər addımların atılması da istisna edilmir”.