Yeni araşdırmaya görə, ruhi sağlamlıq pozğunluqları dünyada əlilliyin əsas səbəbi olub. Tədqiqat nəticələrinə əsasən, 2023-cü ildə təxminən 1,2 milyard insan ruhi sağlamlıq problemi ilə yaşayıb. Bu göstərici 1990-cı illə müqayisədə təxminən iki dəfə artıb.
“MedicalXpress” portalının məlumatına görə, araşdırma 204 ölkədən toplanmış məlumatları əhatə edib. Mütəxəssislər bildiriblər ki, COVID-19 pandemiyasından sonra xüsusilə narahatlıq və depressiya hallarında ciddi artım müşahidə olunur. 2019-cu ildən bəri əsas depressiv pozğunluqların sayı 24 faiz, narahatlıq pozğunluqlarının sayı isə 47 faizdən çox artıb. Tədqiqat müəllifləri artımın pandemiyanın yaratdığı streslə yanaşı, yoxsulluq, zorakılıq, sosial əlaqələrin zəifləməsi və digər problemlərlə bağlı olduğunu qeyd edirlər.
Araşdırmaya görə, ruhi sağlamlıq problemləri ən çox 15-19 yaşlı gənclər arasında müşahidə edilir. Həmçinin qadınların bu problemlərdən daha çox təsirləndiyi müəyyən olunub.
Araşdırmanın nəticələri “The Lancet” jurnalında dərc olunub.
Təhminə VERDİYEVA,
“Azərbaycan”