Olaylar xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini İnqa Pxaladze Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" mövzusunda nazirlərin plenar sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstan enerji resurslarının idxalından asılıdır və bu səbəbdən hökumət investisiyaların cəlb edilməsi və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının genişləndirilməsi proqramını həyata keçirir.
O qeyd edib ki, ölkə regional əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, həmçinin enerji sisteminin dayanıqlığının və enerji müstəqilliyinin artırılmasına yönəlmiş layihələr reallaşdırır.
"Enerji sistemimizin dayanıqlığını artıran və şaxələndirməyə töhfə verən mühüm layihələr müəyyənləşdirilib. Öz enerji resurslarımız olmadığı üçün bizi neft və qazla təchiz edən Azərbaycanla sıx əməkdaşlıq edirik. Eyni zamanda, qonşu ölkələrlə strateji layihələri və bərpa olunan enerji sahəsinin inkişafını müzakirə edirik ki, zərurət yarandıqda onları elektrik enerjisi ilə təmin edə bilək", - deyə o bildirib.
O əlavə edib ki, iri birgə layihələrin həyata keçirilməsi enerji təchizatının dayanıqlığını artırmağa və regional əməkdaşlığı genişləndirməyə imkan verəcək.