Myanmarda üsyançıların nəzarətində olan Kaunq Tat kəndində
baş verən güclü partlayış nəticəsində azı 46 nəfər həlak olub, onlarla insan isə
yaralanıb. Ölənlər arasında 6 uşaq (o cümlədən 1 yaşlı körpə) və 3 Çin vətəndaşı
var. Bəzi
yerli mənbələr isə ölü sayının 55-ə çatdığını bildirir.
“BBC” xəbər verir ki, Çin sərhədi yaxınlığında baş
verən partlayış nəticəsində Kaunq Tat kəndində 200, qonşu Pan Lone kəndində isə
100-ə yaxın evə ciddi ziyan dəyib. Hadisə yerindən çəkilən videolarda nəhəng
bir çuxur, dağılmış binalar və tüstüləyən qalıqlar görünür. Yaralanan 74 nəfər
xəstəxanaya yerləşdirilib.
Bölgəyə nəzarət edən Taanq Milli Azadlıq Ordusu
hadisənin hərbi hava zərbəsi olmadığını, mədən işləri üçün anbarda saxlanılan
partlayıcı maddələrin qəfil alışması nəticəsində baş verdiyini açıqlayıb.
Qruplaşma hadisə ilə bağlı araşdırma başladığını bildirib. Yerli sakinlər isə
yaşayış məntəqələrinin yaxınlığında belə təhlükəli maddələrin saxlanılmasına
etiraz edirlər. Myanmarda üsyançı qruplar öz hərbi kampaniyalarını maliyyələşdirmək
üçün tez-tez mədən işləri ilə məşğul olurlar və təhlükəsizlik qaydalarına əməl
edilmədiyi üçün belə qəzalar baş verir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”