AZ

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

“SpaceX”in peyk internet xidmətinə aid kompakt terminalı olan “Starlink Mini”nin yeni versiyası ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Şirkətin proqram təminatında aşkar edilən yeni detallara əsasən, cihazın daxili enerji yığma qurğusu ilə təchiz edilən tam portativ modelinin hazırlanması ehtimal olunur.

Texnologiya həvəskarlarının diqqətini çəkən son proqram yeniləməsində batareya göstəricilərinin idarə olunmasına aid olduğu düşünülən yeni kod elementləri müəyyən edilib. Həmin məlumatlar cihazın enerji səviyyəsini, şarj vəziyyətini və digər texniki parametrlərini izləyə biləcəyinə işarə edir. Mütəxəssislərin fikrincə, əgər terminal yalnız xarici enerji mənbələrindən istifadə etmək üçün nəzərdə tutulsaydı, sistem daxilində batareyanın vəziyyətini bu qədər ətraflı izləyən funksiyaların yer almasına ehtiyac olmazdı. Bu səbəbdən yeni modeldə inteqrasiya olunmuş enerji blokunun olması ehtimalı yüksək qiymətləndirilir.

Aşkarlanan digər məlumatlar isə cihazın bir neçə fərqli enerji rejimini dəstəkləyə biləcəyini göstərir. Belə ki, yeni terminalın USB-C vasitəsilə enerji alması, daxili batareya ilə işləməsi və hər iki mənbədən paralel şəkildə istifadə etməsi mümkün ola bilər. Bu yanaşmanın enerji səmərəliliyini artıracağı və cihazın daha uzun müddət fasiləsiz fəaliyyət göstərməsinə şərait yaradacağı bildirilir.

Hazırda satışda olan “Starlink Mini” modeli enerji təminatı üçün elektrik şəbəkəsinə və ya ayrıca daşınan batareyaya ehtiyac duyur. Mövcud əlavə enerji həlləri istifadəçilərə seçim imkanı versə də, onların əlavə xərc və müəyyən texniki tənzimləmələr tələb etdiyi qeyd olunur.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
44
azerbaijan-news.az

1Mənbələr