AZ

“İsrail İran üzərində təzyiqlərin davam etməsində maraqlıdır” - Ədalət Verdiyev

"Son dövrlərdə ABŞ ilə İran arasında gərginlik nəzərəçarpacaq dərəcədə azalıb. Hər iki tərəf genişmiqyaslı hərbi əməliyyatlara başlamaqdan çəkinir. Bununla belə, ABŞ-dan verilən bəyanatlar hərbi əməliyyatların yenidən alovlanması ehtimalını tamamilə istisna etmir. İranın əvvəlki sərt ritorikası isə əhəmiyyətli dərəcədə yumşalıb. Artıq İran İsrailin Livanda davam etdirdiyi hərbi əməliyyatlara görə ABŞ-ı əvvəlki kimi sərt şəkildə tənqid etmir. Eyni zamanda, İranın nüvə proqramı və nüvə silahı əldə etmək hüququ ilə bağlı daha əvvəl səsləndirdiyi kəskin bəyanatlar da əvvəlki intensivliyini itirib. Bu, Tehranın mövcud vəziyyətin həssaslığını və mümkün riskləri nəzərə aldığını göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, ABŞ və İran arasında münasibətlərdə gərginlik davam etsə də, son aylarda baş verən hərbi insidentlər genişmiqyaslı müharibəyə çevrilməyib. Hörmüz boğazı ətrafında hərbi aktivliyin artması, pilotsuz uçuş aparatları və raketlərlə bağlı əməliyyatlar, eləcə də regiondakı ABŞ hərbi obyektlərinə qarşı həyata keçirilən məhdud hücumlar tərəflər arasında qarşıdurmanın hələ də davam etdiyini göstərir. Bununla belə, hər iki ölkənin addımları əsasən məhdud xarakter daşıyır və qarşılıqlı cavablar müəyyən çərçivədən kənara çıxmır. Mövcud vəziyyət isə regionda yeni müharibə riskləri, tərəflərin strateji məqsədləri və Yaxın Şərqdə təhlükəsizlik balansının gələcəyi ilə bağlı sualları gündəmə gətirir.

Ekspertin sözlərinə görə, ABŞ hərbi qarşıdurmadan daha çox diplomatik danışıqlara üstünlük verir və hərbi yolla əldə edə bilmədiyi bəzi məqsədlərinə danışıqlar vasitəsilə nail olmağa çalışır.

Seçilən
16
aznews.az

1Mənbələr