Bakı, 1 iyun, AZƏRTAC
Bizim müəssisə neft hasilatı üçün aqreqat və avadanlıqlar istehsal edir. Bizim məhsullar quruda neft hasilatı üçün çox lazımlıdır. İstehsal etdiyimiz armatur-fortanqa cihazı neft yatağında quraşdırılır və torpağın qatlarından nefti çəkir. Azərbaycan ilə Rusiya neft hasil edən ölkələr olduğu üçün bu avadanlığa ehtiyac var.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edən Rusiyanın “OOO Torqovıy dom Volqa Servis” şirkətinin baş direktoru Aleksey Petroviç deyib.
Onun sözlərinə görə, Azərbaycanın bir sıra şirkətləri ilə sərgi çərçivəsində görüşləri nəzərdə tutulub.
“Bu görüşlərdə bizim istehsal etdiyimiz avadanlığın tətbiqi və səmərəliliyi müzakirə ediləcək. Avadanlıq onlar üçün sərfəli olsa alacaqlar. Biz artıq Qazaxıstana və digər neft hasil edən ölkələrə müxtəlif avadanlıqlar ixrac edirik. Bu avadanlıqlara tələbat var. Bu gün keçirilən sərgi çox yaxşı təşəbbüsdür və buna görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Onun qayğısı ilə keçirilən bu beynəlxalq sərgi istehsal müəsissələrinə yalnız Azərbaycandan deyil, digər ölkələrdən də tərəfdaşlar tapmağa və əməkdaşlıq əlaqələri qurmağa böyük köməklik göstərir. Bundan sonra hər il Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edəcəm. Güman edirəm ki, burada tərəfdaşlar tapıb biznesi inkişaf etdirməyə nail olacağıq”, - deyə A.Petroviç bildirib.