AZ

Medvedyev: "Rusiyanın hesabına pul qazanacaq, sonra Avropaya qaçacaqlar"

"Baş nazir Nikol Paşinyan Ermənistan Avropa İttifaqına dəvət olunana qədər Avrasiya İqtisadi İttifaqının (Aİİ) imtiyazlarından istifadə etməyə davam etmək, Rusiyanın və ittifaqın digər ölkələrinin hesabına pul qazanmaq istəyir".

Bu fikirləri Rusiyanın sabiq prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olab Dmitri Medvedyev səsləndirib.

O, Paşinyanın Ermənistanın AİB və ya Aİ-yə üzvlüyü ilə bağlı referendum çağırışına verdiyi cavabı Lev Trotskinin "nə müharibə, nə sülh, amma ordunu burax" qətnaməsi ilə müqayisə edib.

Medvedyev "X" platformasında yazıb: "Sözün əsl mənasında, Aİ-yə dəvət olunana qədər referendumla heç nəyə qərar verməyəcəyik. Və sonra, təbii ki, Avropaya qaçacağıq. Amma o vaxta qədər biz AİB-in bütün imtiyazlarından istifadə edərək, Rusiyanın və birliyin digər ölkələrinin hesabına məharətlə pul qazanacağıq. Əlbəttə ki, çox yaxşıdır".

Rusiya prezidenti Vladimir Putinin "kölgəsi" sayılan Medvedyevin bu açıqlamaları bazar günü Ermənistanda keçiriləcək parlament seçkisi öncəsi Paşinyana təzyiq xarakteri daşıyır?

Bununla o, erməni baş nazirə nə demək istəyir? Bu açıqlamaların arxasında hansı siyasi mesajlar dayanır?

sona_aliyeva_261018.jpg

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a dedi ki, seçkiqabağı Medvedevin Nikol Paşinyanı hədəf alan son bəyanatı seçki ərəfəsində Moskvanın İrəvana verdiyi açıq siyasi mesajdır: "Rusiya artıq Paşinyanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının iqtisadi imtiyazlarından istifadə etməsinə, həm də Qərbə inteqrasiya xəttini gücləndirməsinə səssiz qalmaq istəmir. Medvedevin Paşinyanı Trotski ilə müqayisə etməsi də adi tarixi bənzətmə deyil. Moskva açıq sözlə deyir ki, “iki stulda oturmaq” dövrü bitib. Ermənistan uzun müddət "nə tam Rusiya ilə, nə də tam Qərblə" siyasəti apara bilməz. Moskva Paşinyana və erməni cəmiyyətinə bildirir ki, bu seçim gec-tez iqtisadi və siyasi nəticə doğuracaq. Bu açıqlamanın əsas ünvanı yalnız Paşinyan deyil, həm də erməni seçicisidir. Rusiya demək istəyir ki, Qərbə doğru kurs davam edərsə, Ermənistanın Rusiya bazarına çıxışı, ucuz enerji imkanları, Aİİ güzəştləri və digər iqtisadi üstünlükləri əvvəlki kimi qalmaya bilər. Yəni Moskva seçki ərəfəsində erməni cəmiyyətinə siyasi yox, daha çox iqtisadi qorxu mesajı verir".

Siyasi təhlilçi hesab edir ki, Paşinyan son illərdə Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflədən xətt aparır: "KTMT ilə münasibətlərin soyuması, Qərblə əlaqələrin genişlənməsi, Avropa İttifaqı ilə yaxınlaşma ritorikası və Azərbaycanla sülh prosesində Qərb platformalarının önə çıxması Moskvanı narahat edir. Rusiya bunu təkcə Ermənistanın daxili seçimi kimi deyil, Cənubi Qafqazda öz təsir dairəsinin daralması kimi görür. Lakin, Paşinyan özü də bilir ki, hakimiyyətdə qalsa belə, Ermənistan Rusiyadan tam qopa bilməz. Çünki ölkənin iqtisadi, enerji və əmək bazarı baxımından Rusiyadan asılılığı hələ də ciddi səviyyədədir. Düşünürəm ki, bununla belə Paşinyan Qərbə yaxınlaşma xəttini də tam dayandırmayacaq. Bu isə Ermənistanı qarşıdakı dövrdə daha sərt geosiyasi təzyiq altında saxlayacaq.
İndiki dönəmdə, Rusiya Ermənistanın Qərbə doğru real və geri dönüşü çətin addımlar atmasının qarşısını almağa çalışır. Azərbaycan üçün də bu proses xüsusi əhəmiyyət daşıyır. Çünki Ermənistanın daxili siyasi kursu birbaşa sülh prosesinə, kommunikasiyaların açılmasına və Cənubi Qafqazda yeni təhlükəsizlik düzəninə təsir edir.

Görünən odur ki, seçkilərin nəticəsindən asılı olmayaraq, Rusiya Ermənistana qarşı hibrid təzyiqləri maksimuma çatdıracaq. Əgər Paşinyan hakimiyyətini çətinliklə də olsa qorusa, yenə də, Moskvanın iqtisadi rıçaqları (qaz qiymətlərinin kəskin qaldırılması, Larss keçid məntəqəsində erməni məhsullarına embarqo) İrəvanın Qərbə doğru faktiki addımlarını dondurmağa hesablanıb.

Nəticə etibarilə, Medvedyevin bu açıqlaması həm siyasi təzyiq, həm də Rusiyanın öz acizliyinin etirafıdır. Çünki Dağlıq Qarabağın itirilməsi Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun azaldığını və onun hamilik imkanlarının məhdudluğunu aydın şəkildə göstərdi. Paşinyan isə məhz bu boşluqdan istifadə edərək, Rusiya ilə açıq qarşıdurmadan qaçınmaqla Avropa istiqamətini davam etdirir".

Cavanşir Abbaslı
Musavat.com

 

Seçilən
34
15
musavat.com

10Mənbələr