Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndəki çıxışı qlobal enerji gündəminin və Azərbaycanın strateji inkişaf modelinin mühüm istiqamətlərini bir daha ön plana çıxardı. Xəzər Neft və Qaz Sərgisinin 30 il ərzində keçdiyi inkişaf yolunun artıq “Bakı Enerji Həftəsi” kimi beynəlxalq miqyaslı platformaya çevrilməsi ölkənin enerji diplomatiyasının uğurunu təsdiqləyir.
Ölkə başçısı çıxışı zamanı Azərbaycanın 1990-cı illərin ağır iqtisadi-siyasi şəraitindən çıxaraq müasir dövrdə sabit, güclü və investor cəlb edən ölkəyə çevrilməsini tarixi inkişaf modeli kimi təqdim edib. Neft və qaz resurslarının düzgün idarə olunması nəticəsində əldə edilən iqtisadi gücün sosial rifaha, infrastruktur layihələrinə və müdafiə qabiliyyətinin güclənməsinə yönəldilməsi xüsusi vurğulanır. Eyni zamanda, Azərbaycanın TANAP və TAP kimi layihələrlə qlobal enerji təhlükəsizliyində oynadığı rol, yeni “Deep Gas” və bərpaolunan enerji layihələri ilə gələcəyə yönəlmiş enerji strategiyası ölkənin uzunmüddətli inkişaf xəttini müəyyənləşdirir.
Çıxışda həmçinin Azərbaycanın azad edilmiş əraziləri, güclənən iqtisadiyyatı və 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə fonunda formalaşan yeni reallıqlar da ön plana çıxır. Bütün bunlar Azərbaycanın təkcə enerji istehsalçısı deyil, həm də qlobal enerji və nəqliyyat xəritəsində mühüm aktor olduğunu göstərir.
Milli Məclisin üzvü Naqif Həmzəyev Musavat.com-a bildirdi ki, Prezidentin Azərbaycanın enerji siyasəti, iqtisadi nailiyyətləri və gələcək planları barədə etdiyi bu çıxış tarixi çıxış idi: "Müasir Azərbaycanın enerji inkişafının bünövrəsi 1994-cü ildə qoyulub. Həmin dövrdə ölkə ağır bir vəziyyətdə idi. Ərazinin 20 faizi işğal altında, bir milyon qaçqın, yoxsulluq səviyyəsi 50 faizdən yuxarı, elektrik enerjisi və təbii qaz isə idxal edilirdi. Bu şəraitdə yeganə çıxış yolu ölkənin təbii sərvətlərindən məqsədli şəkildə istifadə etmək oldu. Azərbaycan, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açan ilk ölkə kimi tarixə düşdü.
30 il əvvəl dünyanın ən iri qaz yataqlarından olan "Şahdəniz" müqaviləsi imzalandı. Bu, Azərbaycanın müasir qaz hasilatında yeni bir səhifənin açılması demək idi.
Bu günün Azərbaycanı ilə 1990-cı illərin Azərbaycanını müqayisə etdikdə fərq açıq-aydın görünür. Yoxsulluq səviyyəsi 50%-dən 5%-ə enib, Xarici borc ÜDM-in cəmi 6%-ni təşkil edir,
Dövlət ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir.
Prezident Əliyev çıxışı zamanı vurğuladı ki, ölkələr neft və qazın mövcudluğuna görə deyil, bu resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidir. Azərbaycan bu gəlirləri təhsilə, səhiyyəyə, sosial infrastruktura və enerji sektorunun inkişafına yatırdı.
Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bu səbəbdən enerji resurslarını ixrac etmək üçün güclü diplomatik şəbəkə qurmaq zəruri idi. Nəticə isə özünü göstərdi.
Cənub Qaz Dəhlizi- TANAP, TAP və Cənubi Qafqaz qaz kəmərindən ibarət 3500 km-lik boru xətti sistemi bu gün 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzvünə qaz çatdırır. Keçən il bu rəqəm 12 idi. Artım tendensiyası davam edir.
Neft ixracı istiqamətində isə Bakı-Tiflis-Ceyhan kəməri Xəzəri Aralıq dənizi ilə, Bakı-Supsa kəməri isə Qara dənizlə birləşdirir.
Mövcud qaz ehtiyatları növbəti 100 il ərzində həm ölkənin, həm də tərəfdaşların tələbatını ödəməyə yetərlidir. Buna baxmayaraq, Azərbaycan bərpaolunan enerji mənbələrinə ciddi sərmayə yatırır. 2027-ci ilin sonunadək günəş və külək enerjisi gücü 2 giqavata çatacaq. 2032-ci ilə qədər bu göstərici 8 giqavata yüksələcək. Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib.
Bundan əlavə, "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan vasitəsilə Rumıniya və Macarıstanla birləşdirəcək. Xəzərin şərq sahillərindən Azərbaycana uzanacaq yaşıl enerji kabeli isə Mərkəzi Asiya tərəfdaşları ilə birgə hazırlanır".
Deputat həmçinin onu da vurğulayıb ki, Bakı Enerji Həftəsi bu il də bir sıra mühüm sənədlərin imzalanması ilə yadda qalacaq:"Azəri-Çıraq-Günəşli"dərin qaz layihəsi və Abşeron yatağı üzrə yeni müqavilələr Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da artıracaq".
Cavanşir Abbaslı
Musavat.com