AZ

ABŞ-İran danışıqları alınmadı- Tehran hərbi ssenariləri masaya qoyur...

Yaxın Şərqdə vəziyyət yenidən kritik həddə yaxınlaşır. Livanda artan gərginlik fonunda İranın ABŞ ilə danışıqları dayandırdığı, eyni zamanda Hörmüz boğazının bağlanması və digər regional cəbhələrin aktivləşdirilməsi variantlarını nəzərdən keçirdiyi barədə yayılan məlumatlar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Məlum olduğu kimi, Vaşinqton və Tehran arasında aparılan danışıqlar bölgədə mümkün eskalasiyanın qarşısını alan əsas siyasi mexanizmlərdən biri hesab olunurdu. İndi isə diplomatik kanalların dayanması hərbi ssenarilərin yenidən gündəmə gəldiyi barədə ehtimalları gücləndirir.

Xüsusilə, Hörmüz boğazı ilə bağlı səslənən iddialar diqqət çəkir. Dünyada neft ticarətinin əhəmiyyətli hissəsinin həyata keçirildiyi bu strateji marşrutun bağlanması təkcə Yaxın Şərq üçün deyil, qlobal iqtisadiyyat üçün də ciddi nəticələr vəd edir. Paralel olaraq İranın bölgədəki müttəfiq qüvvələrinin aktivləşdirilməsi ehtimalı qarşıdurmanın coğrafiyasını daha da genişləndirə bilər.

Bu arada qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın danışıqları dayandırması ilə bağlı Vaşinqtona hər hansı məlumat vermədiyini bildirib.

"NBC News"a açıqlamasında Tramp İranla bağlı məsələlərin həddindən artıq müzakirə edildiyini qeyd edib.

“Məncə, biz bu barədə həddindən artıq danışmışıq. Düşünürəm ki, bir az susmaq yaxşı olardı”, - ABŞ prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, danışıqların mümkün dayandırılması İranın yenidən bombardman olunacağı anlamına gəlmir.

Bununla yanaşı, o bildirib ki, ABŞ İran ətrafında tətbiq etdiyi dəniz blokadasını davam etdirəcək.

ABŞ-İran danışıqlarının dayanması bölgədə yeni müharibənin başlanğıcından xəbər verir? Tehran diplomatiyadan hərbi qarşıdurma mərhələsinə keçir? Hörmüz boğazının bağlanması ehtimalı nə dərəcədə realdır? Livan, Yəmən və digər istiqamətlərdə hərbi əməliyyatlar yenidən genişlənə bilərmi?

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Musavat.com-da bu mövzu ətrafında bir vacib məqamı önə çəkdi: "ABŞ və İran arasında danışıqların çərçivə sazişi ilə yekunlaşıb sülh istiqamətində irəliləməsində İsrailin baş naziri Netanyahu narahat idi. İrana birbaşa hücum edib, prosesi poza bilmədi. Amma, Livanda Hizbullaha qarşı əməliyyatları davam etdirib, Livanın cənubunu işğal edərək Litani çayının şimalına keçmək mümkün oldu. İranda SEPAH ABŞ-la danışıqların uzadılmasında maraqlıdır, Tezliklə müqavilənin bağlanmasını istəmir. ABŞ-ın bir neçə tələbini İran qəbul etmir. Proses yenidən dalana dirənib. Tehran özünü məğlub saymır və yeni müharibəyə də hazırlıq görür. Yenidən müharibə İsrailə zərbələrlə nəticələnəcək və regionda genişmiqyaslı müharibə olacaq. Bu da Trampın siyasi imicinə mənfi təsir edəcək. Həmçinin İranda rejim dəyişməyəcək. Əgər, müharibə baş verərsə, burada İran da böyük zərbə alacaq. Amma, rejim yerində qalacaq. Husilər müharibəyə qoşula və İraqdakı "Haşdi Şabi" qüvvələri Küveytə hücum edə bilər. Həmçinin İran Bəhreynə və Birləşmiş Ərəb Əmirliklərinə zərbə vurmaqla körfəzde neft və qaz tədarükünə böyük zərbə vurma ehtimalları böyükdür. Tramp bəyan edir ki, İran bizə məlumat verməyib. Hazırda o, saziş bağlamaqda daha çox maraqlıdır. Bu istiqamətdə çox çalışır. Düşünürəm ki, qarşılıqlı zərbələr olacaq. Müharibənin yenidən başlanması ehtimalı böyükdür".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
71
musavat.com

1Mənbələr