AZ

Belçika polisi Luvr soyğunçuluğunun araşdırılmasına qoşulub

BAKI, 2 iyun. TELEQRAF

Fransa və Belçika hüquq-mühafizə orqanları 2025-ci ilin oktyabrında Parisdəki Luvr Muzeyində baş vermiş milyonlarla avroluq soyğunçuluqla bağlı birgə istintaqa başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb.

Məlumata görə, Belçika polisi yük oğurluqları üzrə ixtisaslaşmış Şərqi Avropadan olan şəxslərin mobil telefonlarında Luvr Muzeyinin və oğurluğun baş verdiyi Apollon Qalereyasının fotolarını aşkar etdikdən sonra araşdırma genişləndirilib.

Belçika tərəfi əldə etdiyi məlumatları Fransa hüquq-mühafizə orqanlarına təqdim edib. Bundan sonra Paris müstəntiqləri fotomaterialları araşdırmaq üçün Belçikaya yollanıblar.

İstintaq çərçivəsində oğurlanmış zinət əşyalarının Belçikaya aparılması versiyası da nəzərdən keçirilir. Belə ki, Antverpen şəhəri beynəlxalq qiymətli daş ticarətinin əsas mərkəzlərindən biri hesab olunur. Nəşrin yazdığına görə, Fransa polisi ötən il Belçika Federal Polisini tarixi zinət əşyalarının şübhəli satış cəhdləri barədə dərhal məlumat verməyə çağırmışdı.

Hazırda müstəntiqlər iki əsas versiya üzərində işləyirlər. Birinci ehtimala görə, oğurlanmış qiymətli əşyalar hələ də Fransa ərazisində gizlədilir. Onların saxlanıldığı ehtimal olunan yerlərdən biri kimi Sena-Sen-Deni departamentində yerləşən Obervilye kommunası göstərilir. Saxlanılan dörd şübhəlinin həmin ərazidən olduğu bildirilir.

İkinci versiyaya əsasən isə zinət əşyaları artıq xaricdə satılıb, üzərindəki qiymətli daşlar çıxarılıb, metal hissələri isə əridilib. Daha sonra həmin daşların Antverpen bazarına çıxarıldığı ehtimal olunur.

Qeyd edək ki, 2025-ci il oktyabrın 19-da dörd nəfərdən ibarət qrup xüsusi hidravlik qaldırıcı vasitəsilə Luvr Muzeyinə daxil olaraq Apollon Qalereyasındakı vitrini sındırıb. Onlar ümumi dəyəri 88 milyon avro qiymətləndirilən doqquz zinət əşyasını oğurlayıblar. Oğurlanan eksponatlar arasında imperator III Napoleonun həyat yoldaşı imperatriça Evgeniyaya məxsus, 1354 brilyantla bəzədilmiş tac da olub. Lakin cinayətkarlar qaçarkən tacı hadisə yerində salıblar.

Paris prokuroru Lor Beko soyğunçuluğun sifarişçilərinin xarici ölkə vətəndaşları ola biləcəyini istisna etməyib. Hazırda iş üzrə 100-dən çox müstəntiq araşdırma aparsa da, oğurlanmış zinət əşyalarının yeri hələ müəyyən edilməyib.

Seçilən
61
teleqraf.com

1Mənbələr