Qazaxda qətl törətməkdə və xuliqanlıqda təqsirləndirilən Rəşad Məhərrəmovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
İttiham aktına və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, təqsirləndirilən Rəşad Məhərrəmov 16 noyabr 2023-cü il tarixdə saat 19:35 radələrində Qazax rayonu Qazaxbəyli kəndi Yeni qəsəbədə, ictimai yer hesab edilən çayxanada tanışı, zərərçəkmiş Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətləri törədib.
İstintaq materiallarında göstərilib ki, mübahisə zamanı Rəşad Məhərrəmov çayxanada əyləşən digər şəxslərə məhəl qoymadan, ictimai qaydanı qərəzli surətdə pozaraq Kənan Qəfərovun üz nahiyəsinə sol əli ilə sillə vurub, ona fiziki ağrı yetirib. Bu hərəkətlər çayxanada olan şəxslərin həyəcanlanması və normal istirahətinin pozulması ilə müşayiət olunub və açıq-aşkar cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndirilib.
Bundan başqa, ittihama əsasən, həmin gün axşam saat 20 radələrində Rəşad Məhərrəmov ilə Kənan Qəfərov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Zərərçəkmiş Təqsirləndirilən şəxsi bıçaqla yaralayaraq ona sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirib. Bu hadisədən sonra Rəşad qisas almaq məqsədilə Kənanı qəsdən öldürmək qərarına gəlib.
İttihamda qeyd olunur ki, Rəşad Məhərrəmov yaşadığı evdən götürdüyü təsərrüfat-məişət təyinatlı turist bıçağını üzərində gizlədərək 22 noyabr 2023-cü il tarixdə saat 19:20 radələrində Kənan Qəfərovun idarə etdiyi avtomobili Qazaxbəyli kəndi ərazisində saxladıb. Zərərçəkmiş şəxsi avtomobildən bir qədər aralıda yerləşən uşaq bağçasının yaxınlığına çağıraraq əvvəlki hadisə ilə bağlı irad bildirib və avtomobildə olan bacısının gözü qarşısında Kənan Qəfərovun qarın nahiyəsinə qəsdən bir dəfə bıçaq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxs daxili orqanların zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan, travmatik hemorragik şok nəticəsində həyatını itirib. Hadisə zamanı Kənan Qəfərov özünü müdafiə etmək istəyərkən təqsirləndirilən şəxs onun sol qoluna da bıçaqla zərbə vuraraq əlavə yüngül bədən xəsarətləri yetirib. İstintaq bu hərəkətləri xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il, 3 ay müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan Rəşad Məhərrəmovun müdafiəçisi apellyasiya şikayəti verərək onun Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi üzrə təqsirsiz sayılmasını, eləcə də əməlin CM-nin 120.2.4-cü maddəsindən 126.3-cü maddəsinə tövsif edilməsini xahiş edib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cəza təyin olunmayıb, hökmdən Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar xaric edilib. Rəşad Məhərrəmovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Kamal Məmmədov