Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kamil Şahverdi
V yazı
(əvvəli BU LİNKDƏ)
...Məlumdur ki, elan olunmuş müsabiqəyə yekun vurmaq mümkün olmadı. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyəti qırmızı bolşeviklər tərəfindən işğal olundu. Cəmi 23 ay davam edən müstəqilliyimizə qəsb edildi. Cümhuriyyət qurucularına qarşı amansız təqiblər başladı.
Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarif Nazirliyinin dəftərxanasına müsabiqədə iştirak üçün təhvil verilən sənət nümunələrinin sonrakı taleyi bu günə qədər məlum deyil. Bu müsabiqədə kimlər iştirak etmək üçün müraciət edib, iştirakçıların sayı, onların təqdim etdikləri əsərlər haqqında hər hansı bir məlumat əldə etmək hələ ki, mümkün olmayıb. Lakin bir fakt ümidimizi itirməmək üçün bizə əsas verir ki, nə zamansa Xalq Maarif Nazirliyinin dəftərxanasına təhvil verilən əsərlərin sorağını ala biləcəyik.
İstedadlı jurnalist araşdırmaçı Dilqəm Əhməd bir neçə il bundan əvvəl İstanbulda bir kolleksionerdən AXC gerbinin eskizinin orijinal nüsxəsini əldə edib. Bu fakt düşünməyə əsas verir ki, ölkəmiz bolşeviklər tərəfindən işğal olunanda Cümhuriyyətçilər Xalq Maarif Nazirliyinin dəftərxanasından bəzi sənədləri özləri ilə apara bilmişlər. Əgər müsabiqəyə təqdim olunan gerbin orijinal eskizi İstanbulda bir kolleksionerdə aşkar olunubsa, demək ki, himn üçün təqdim olunan əsərləri də Türkiyədə axtarmaq lazımdır. Əgər bu məlumatlar əldə olunarsa, onda bir çox suallara cavab verilmiş olacaq.
Bir maraqlı faktı da qeyd etməyi vacib sayıram. Himn üçün elan olunmuş müsabiqədə kimlərin və neçə bəstəkar və şairin iştirakı haqqında dəqiq məlumat olmasa da, tanınmış Türk bəstəkarı və musiqişünası İsmayıl Zühtü Kuşçuoğlunun müsabiqəyə öz əsərini göndərməsi haqqında bilgilər vardır. Türkiyənin unudulmuş böyük bəstəkarı İsmayıl Zühtü Bəyİsmayıl Zühtü Bəy (1877-1924) Krım savaşından canlarını qurtarmaq üçün Bolqarıstanın Aydoş qəsəbəsinə köçmüş ailədə dünyaya gəlib. Hələ qundaqda ikən ailəsi İstanbula gəlmiş, lakin iki ildən sonra yenidən Bolqarıstana qayıtmışlar. İsmayıl üç yaşında olanda atası çiftçi (nalbənd) Əhməd Ağa Kuşçuoğlu vəfat edir. Bir müddət sonra anası Ayşə xanım ikinci dəfə ailə qurur. İsmayılın atalığı ona qarşı olduqca mərhəmətsiz davranır. 8-9 yaşında uşağı çobanlıq etməyə məcbur edir. İsmayıl 10 yaşında olanda atalığı vəfat edir və Ayşə xanım oğlu ilə Türkiyəyə, İzmirə köçürlər.