AZ

bp: Süni intellektlə yeni quyunun planlaşdırılma müddətini 300 gündən 50 günə endirmişik

bp süni intellekt texnologiyalarının tətbiqi hesabına yeni neft və qaz quyularının planlaşdırılması müddətini təxminən altı dəfə azaldıb.

Aznews.az xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sektorunun gələcək inkişafı üçün əsas amillərdən biri texnologiyanın insan kapitalı və düzgün idarəetmə yanaşması ilə birləşdirilməsidir.

C.Kristofoli bildirib ki, bp hazırda AÇG (Azəri-Çıraq-Günəşli) yataqlarında hasilatın səmərəliliyini artırmaq üçün müxtəlif texnologiyalardan istifadə edir. Şirkət beşillik 4D seysmik proqram həyata keçirir ki, bu da lay daxilində mayelərin hərəkətini izləməyə imkan verir.

O qeyd edib ki, bp və tərəfdaşları Azərbaycanda fəaliyyət göstərən süni intellekt şirkəti ilə əməkdaşlıq edərək seysmik məlumatların emalını təkmilləşdiriblər. Bu şirkət seysmik məlumatlardakı “səs-küyü” təmizləyərək məlumatların keyfiyyətini artırır və artıq öz xidmətlərini beynəlxalq bazarlarda da təqdim edir.

“Bu, təkcə neft-qaz layihəsi deyil. Bu, Azərbaycanda yeni bacarıqların və texnoloji potensialın formalaşdırılması deməkdir”, – deyə bp rəsmisi bildirib.

Seçilən
35
4
aznews.az

5Mənbələr