AZ

Yaşar Seyidov: "Turan Tovuz"la bağlı qərar varsa, dəyişməyəcək"

"Turan Tovuz"un 2019-cu ildə danışılmış oyunlarda iştirakı ilə əlaqədar avrokuboklardan uzaqlaşdırılmasına dair UEFA-nın sirkulyar məktubu olubsa, həmin qərar heç bir halda, hətta klub apellyasiya versə belə, dəyişilməyəcək".

Sportal.az xəbər verir ki, bunu Sportnet.az-a açıqlamasında Bakının "Dinamo" klubunun prezidenti Yaşar Seyidov deyib.

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü fikirlərini əsaslandırmaq üçün iki səbəb göstərib: "Birincisi, AFFA 2019/2020 mövsümündə "Turan Tovuz"un 7 futbolçusunun danışılmış oyunlarda iştirak etdiyini bildirərək, onları futboldan ömürlük uzaqlaşdırıb. Digər tərəfdən, UEFA danışılmış oyunlarla bağlı heç bir kluba güzəştə getmir və getməyəcək. Əks halda, bu, presedent yaradacaq və digər klublar da analoji hallarda eyni tendensiya ilə müraciət edəcəklər. UEFA isə özünə hörmət edən təşkilatdır və qərarını dəyişməz! Belə bir qərar həqiqətən də varsa, Azərbaycanı Konfrans Liqasında "Turan Tovuz"un əvəzinə "Zirə" təmsil edəcək".

Seyidovun sözlərinə görə, ilk növbədə, UEFA-dan belə bir sirkulyar məktubun gəlib-gəlmədiyini dəqiqləşdirmək lazımdır: "Varsa, qərar elə dediyim kimi olacaq".

Klub funksioneri "Bakı"nın icraçı direktoru vəzifəsində çalışdığı vaxt Joel Epalle olayında da UEFA-nın qətiyyətli mövqe sərgilədiyini xatırladıb: "Epalle Yunanıstan "İraklis"ində çıxış etdiyi vaxt - 2006/2007 mövsümündə Polşa "Visla"sına qarşı Avropa Liqasının oyununda birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanmışdı. Cavab görüşünü buraxan futbolçunun daha bir matçlıq cəzası qalıbmış. Həmin mövsüm Almaniya "Bohum"una transfer olunan kamerunlu futbolçu UEFA bayrağı altında keçirilən oyunlarda iştirak etmədiyi üçün onun daha bir oyunluq cəzası çəkilməyib. UEFA 2010/2011 mövsümünün əvvəlində Avropa kuboklarının püşkündən sonra cəzası olan və oynamağı yasaqlanan bütün futbolçuların siyahısını iştirakçı klublara göndərib. Həmin siyahıda Joel "Bohum"un üzvü kimi göstərilmişdi. Epalle daha bir oyun cəzalı olduğu halda "Bakı"nın Monteneqro "Buduçnost"u ilə ilk qarşılaşmasında iştirak etmişdi. Nəzərə alaq ki, o, qırmızı vərəqəni bizim oyundan 4 il əvvəl almışdı. 1 oyunluq cəzasının qalması futbolçunun özünün də yadından çıxmışdı. "İraklis"dən sonra çıxış etdiyi "Bohum" avrokuboklarda mübarizə aparmadığı üçün Epallenin adı UEFA-nın sistemində Almaniya klubunun üzvü kimi görünürdü".

Seyidov məsələnin belə üzə çıxdığını açıqlayıb: "Buduçnost"la ilk görüşdə Joel sarı vərəqə aldı. Referi bu vərəqəni sistemə daxil etdikdə futbolçunun cəzalı olduğu aşkarlandı. Daha sonra biz cavab oyunu üçün Monteneqroya uçduq. Buna görə də texniki məğlubiyyət qərarını ilk matçımızdan sonra aldıq. Epallenin cəzalı olduğunu bilmədiyimizi desək də, UEFA bizə əsla güzəşt etmədi. Açığı, o vaxtlar bizə çox yaxın olan insanlar da işə qarışdılar, hətta UEFA rəhbərliyi səviyyəsində də müraciət olundu. Lakin qərarda dəyişiklik edilmədi və texniki məğlubiyyət qüvvədə saxlanıldı".

Onun fikrincə, UEFA bir kluba güzəşt etsə, anarxiya əmələ gələ bilər. Ona görə də bu qurum qərarlarına hörmətlə yanaşır və icrasını sonadək nəzarətdə saxlayır. Təcrübədən çıxış edərək düşünürəm ki, UEFA-nın "Turan Tovuz"la bağlı qərarı varsa, heç bir halda dəyişiklik etməyəcək".

saytlarin hazirlanmasi

Seçilən
33
1
sportal.az

2Mənbələr