AZ

Kart ödənişləri ilə bağlı qərar verildi Nə dəyişəcək?

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync (xidmət haqqı tarifləri) üzrə yuxarı hədlərin müəyyənləşdirilməsi vətəndaşlara birbaşa təsir göstərməyəcək. Banklararası hesablaşmalar zamanı tətbiq olunan interçeync haqqı üzrə maksimal limitlərin müəyyənləşdirilməsi və fəaliyyət sahələri üzrə fərqləndirilməsi əsasən banklar və ödəniş sistemləri arasındakı münasibətləri tənzimləyir. Vətəndaşlar isə əvvəlki qaydada kartlarından istifadə edərək ödənişlərini həyata keçirə biləcəklər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli ödəniş kartları üzrə interçeync tariflərinə tətbiq edilən yeni limitlərdən danışarkən deyib.

İqtisadçının sözlərinə görə, bir bankın kartı ilə digər bankın POS-terminalında ödəniş aparıldıqda banklar arasında qarşılıqlı hesablaşma həyata keçirilir və bu prosesdə müəyyən komissiyalar ödənilir:

“Bu vəsaitin bir hissəsi “Visa”, “Mastercard” və digər beynəlxalq ödəniş sistemlərinə yönəldilir. Mərkəzi Bankın bu sahədə limit müəyyənləşdirməsinin əsas məqsədi POS-terminal şəbəkəsinin genişlənməsinə şərait yaratmaq və həddindən artıq komissiyaların tətbiqinin qarşısını almaqdır.

Kart ödənişləri ilə bağlı xərclər son nəticədə vəsaiti qəbul edən sahibkarların üzərinə düşdüyündən bəzi ticarət və xidmət obyektləri zaman-zaman nağdsız ödənişlərdən yayınmağa çalışırlar. Müəyyən edilən limitlər bazarda şəffaflığın artırılmasına, bəzi bankların yüksək komissiya siyasətinin məhdudlaşdırılmasına və banklararası hesablaşmaların daha aydın qaydalarla tənzimlənməsinə imkan yaradır. Əsas məqsəd sahibkarların kartla ödənişlərin qəbuluna marağını artırmaq, nağdsız ödənişlərin genişlənməsinə şərait yaratmaq və mövcud maneələri azaltmaqdır”.

Ekspert qeyd edib ki, dəyişikliklərin vətəndaşlara dolayı təsirlərindən biri bankların loyallıq proqramları ilə bağlı ola bilər:

“Keşbek və bonus proqramlarının maliyyə mənbələrindən biri də bu cür komissiyalardır. Komissiyalara yuxarı hədd qoyulması gələcəkdə bəzi bankların keşbek və bonus proqramlarını azaltmasına təsir göstərə bilər. Son dövrlərdə keşbek faizlərinin aşağı salınması tendensiyası da müşahidə olunur.

Ümumilikdə kart əməliyyatları üzrə xərclərin azalması və sabit yuxarı hədlərin müəyyənləşdirilməsi nağdsız hesablaşmaların artmasına, sahibkarların kart ödənişlərindən imtina hallarının azalmasına və bazarda daha ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edəcək”.

Qeyd edək ki, Mərkəzi Bankın qərarına əsasən, iyunun 1-dən etibarən ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync komissiyalarına yuxarı hədlər müəyyənləşdirilib. Yeni tariflər supermarket, aptek, yanacaqdoldurma məntəqələri və digər fəaliyyət sahələri üzrə fərqləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
3
axar.az

4Mənbələr