“Ermənistanın Avropa Birliyinə üzvlüyü məsələsi hələ də nəzəri olaraq qalır və ölkənin 2030-cu ilə qədər üzvlüyü ehtimalı azdır”. Musavat.com xəbər verir ki, bu fikri Lüksemburqdan seçilmiş Avropa Parlamentinin üzvü Fernan Kartheiser "İzvestiya"ya müsahibəsində bildirib.

Avropalı deputatın sözlərinə görə, Aİ Ermənistana rəğbətlə yanaşır və İrəvanla struktur arasında münasibətlər getdikcə dərinləşir. Lakin Avropa Parlamentinin üzvünün qeyd etdiyi kimi, üzvlük məsələsi hələ də əsasən hipotetik səviyyədədir.
Kartheiser bildirib ki, Ermənistanın coğrafi mövqeyi və qonşularından ən azı biri ilə mürəkkəb münasibətləri nəzərə alındıqda, belə bir namizədlik bir çox sual doğurur: “Son illərdə Avropa Birliyi-Ermənistan münasibətləri durmadan yaxşılaşsa da, 2030-cu ilə qədər üzvlük ehtimalı azdır". O, əməkdaşlığın müsbət dinamikasına baxmayaraq, Ermənistanın Avropa Birliyinə erkən üzvlüyü üçün real şərtlərin hələ də kifayət etmədiyini vurğulayıb.
Göründüyü kimi, Ermənistan AB üzvü olması üfüqdə belə görünmür. Əslində, lüksemburqlu deputatın sözlərində təəccüblü və yeni fikir yoxdur. Çünki Ermənistanın AB üzvlüyü indi real görünmür. Amma bu ölkə ilə vizanın ləğvi istisna deyil. Baş nazir Paşinyan da ermənilərə vəd verib ki, iki il ərzində AB ilə viza rejimi ləğv olunacaq. Ermənilərin gürcülər kimi şengen ölkələrinə girişi vizasız ola bilər. Amma Ukrayna, Moldova və Gürcüstan belə AB-yə üzv qəbul edilməyiblər. Onlara namizədlik statusu verilsə də, indiyə qədər prosedur bundan irəli getməyib. Ermənistan isə namizədlik statusu da qazanmayıb və onun üzvlüyü onillər çəkə bilər.

Hətta postPaşinyan dövründə yenidən Rusiyanın orbitinə qayıtmaqla AB xəyallarının puç olması gözləniləndir. Necə ki Gürcüstanda mövcud hakimiyyət AB ilə gərginlik yaşayır və qonşu ölkənin üzvlüyü yaxın perspektivdə görünmür.
Hərçənd namizədlik statusu qazanmış ölkələrdən ən çox Moldovanın şansı var. Amma AB Avropa ilə sərhədi olan bu keçmiş sovet respublikası haqda da qərar verməyə tələsmir. Çünki AB standartlarına uyğunlaşmaq üçün rifah səviyyəsi, iqtisadiyyat, gömrük və s. tələblərə cavab vermək lazımdır. Ermənistan isə bu baxımdan Gürcüstandan da geri qalır və ona böyük zaman tələb olunur. Ona görə də Rusiyanın seçkiqabağı Ermənistan hakimiyyətini “divara dirəyərək” ondan dərhal seçim tələb etməsi, referenduma getməyə çağırması bir qədər qəribə görünür. Axı onsuz da Ermənistanı “Avropa ailəsi”ndə görmək istəmirlər...
Görünür ki, Moskva 7 iyundan sonra Paşinyanın Avropaya inteqrasiya kursunu sürətləndirəcəyinə əmindir. Bu səbəbdən də, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderləri də Kreml başçısına qoşularaq bəyanatla çıxış ediblər ki, İrəvan ya Aİİ-ni, ya da AB-ni seçməlidir. Paşinyan isə son açıqlamasında referenduma zərurət olmadığını və ölkəsinin Aİİ-ni tərk etmək qərarı vermədiyini vurğulayıb. Bununla belə, Rusiya rəsmiləri İrəvanı tələsdirir, təhdid və şantaj yağdırır, Aİİ-də olmağın iqtisadi üstünlüklərini xüsusi olaraq hədə ritorikasında Ermənistanın və ermənilərin diqqətinə çatdırırlar.

Yeri gəlmişkən, Avropa Birliyi Ermənistanla əməkdaşlığı və İrəvana dəstəyi davam etdirməyi planlaşdırır. Bu barədə iyunun 1-də Avropa Komissiyasının nümayəndəsi Anuar El-Anuni Brüsseldə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, AB Ermənistanın etibarlı tərəfdaşıdır və tərəfdaşlıq hazırda əvvəlkindən daha güclüdür: “2026-cı ilin mayında ilk dəfə AB-Ermənistan sammiti keçirilib və bu görüşdə AB Ermənistanın demokratik inkişafına dəstəyini bir daha təsdiqləyib. AB Ermənistanın demokratik dayanıqlılığını, o cümlədən xarici informasiya təsirləri və hibrid təhdidlərə qarşı mübarizəsini dəstəkləyir”.
Emil Salamoğlu
Musavat.com