AZ

Bakı Enerji Həftəsi: Yeni tərəfdaşlıqlar və qlobal enerji gündəliyi – Tənzilə Rüstəmxanlı yazır

Ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Azərbaycan enerji sektoru ilə bağlı mühüm tədbirlərə də evsahibliyi edir. Bu baxımdan Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir.

media-eb7c021b-040e-42df-a284-1fa71097a471

Bakı Enerji Həftəsi qlobal enerji siyasətinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformadır. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb.

Azərbaycanın müstəqillik tarixində enerji sektoru təkcə iqtisadi inkişafın deyil, həm də dövlət quruculuğunun, beynəlxalq tərəfdaşlıqların və geosiyasi mövqelərin möhkəmlənməsinin əsas sütunlarından biri olub. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığın növbəti təsdiqi kimi diqqəti cəlb edir.

Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan platforma sonradan genişlənərək Bakı Enerji Həftəsinə çevrilib. Bu fakt təkcə tədbirin miqyasının böyüməsini deyil, həm də Azərbaycanın enerji sektorunda keçdiyi inkişaf yolunu əks etdirir.

Prezident İlham Əliyev enerji siyasətinin nə qədər önəmli olduğunu beynəlxalq müstəvidə, bütün diplomatik istiqamətlərdə bəyan edir. Müasir dövrümüzdə enerji siyasəti ölkələrarası strateji əməkdaşlığı müəyyənləşdirən rola malikdir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi Qara dəniz enerji kabeli layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən bu təşəbbüs Xəzər regionunda istehsal ediləcək yaşıl enerjinin Avropa bazarına çıxarılmasını təmin edəcək. Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik kabeli layihəsi də regional enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır. Bu layihələr təkcə enerji ixracının şaxələndirilməsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinə verilən töhfənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında diqqəti Azərbaycan dövlətinin dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu sərmayələr sayəsində ölkəmizin yeni nəqliyyat dəhlizləri açmasına və qitələri bir-biri ilə əlaqələndirməsinə yönəltdi. Dövlət başçısı bildirdi ki, artıq Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək.

Bu reallıq xüsusi qeyd edildi ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Elə bu fakt da Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətindən xəbər verir. Danılmaz faktdır ki, bu platforma ölkəmizə yeni dividendlər qazandırır, Azərbaycanın xüsusilə Vətən müharibəsindən sonra artan beynəlxalq nüfuzunu daha da yüksəldir.

Bu platforma bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıq və yaşıl transformasiya sahələrində təşəbbüskar ölkədir. Enerji sahəsində həyata keçirilən uzaqgörən strategiya Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu qlobal enerji siyasətinin əsas aktorlarından birinə çevirib.

Bakı Enerji Həftəsi isə bu uğurların nümayiş etdirildiyi, yeni tərəfdaşlıqların qurulduğu və gələcəyin enerji gündəliyinin formalaşdırıldığı mühüm beynəlxalq platforma olaraq öz əhəmiyyətini daha da artırır.

Seçilən
43
50
interpress.az

10Mənbələr