AZ

ABŞ-nin strateji neft ehtiyatları kritik həddə yaxınlaşır

ABŞ İranla müharibənin yaratdığı təchizat böhranını aradan qaldırmaq məqsədilə Strateji Neft Ehtiyatından (SPR) neft çıxarılmasını sürətlə davam etdirir.

Redaktor.az xəbər verir ki, bu barədə CNN ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, təkcə ötən həftə strateji ehtiyatlardan 8 milyon barel neft bazara çıxarılıb. Bundan bir həftə əvvəl isə bu rəqəm 9,1 milyon barel təşkil edib.

Hazırda ABŞ-nin Strateji Neft Ehtiyatında 357,1 milyon barel neft qalıb. Federal məlumatlara əsasən, bu göstərici 2024-cü ilin yanvar ayından bəri qeydə alınan ən aşağı səviyyədir.

"Bloomberg"in enerji və əmtəə üzrə analitiki Xavyer Blass sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, hazırkı temp davam edərsə, ehtiyatların həcmi gələn həftənin sonuna qədər Co Bayden administrasiyası dövründə qeydə alınan minimum səviyyədən də aşağı düşəcək.

CNN qeyd edir ki, İrana qarşı hərbi əməliyyatların başlanmasından bu yana ABŞ strateji ehtiyatlardan təxminən 58 milyon barel və ya ümumi həcmin 14 faizi qədər neft çıxarıb.

Mütəxəssislərin fikrincə, ehtiyatların azalması ABŞ-nin gələcəkdə mümkün təchizat çatışmazlıqlarını kompensasiya etmək imkanlarını zəiflədə bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr