AZ

Trampın siyasi varisi kim olacaq? Ceyms Devid Vens və Marko Rubio arasında görünməyən rəqabət

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“ABŞ-da 2028-ci il prezident seçkilərinə hələ kifayət qədər vaxt qalsa da, ölkənin siyasi gündəmini artıq mühüm bir sual məşğul edir. Donald Trampdan sonra Respublikaçılar Partiyasının lideri kim olacaq? ABŞ Prezidenti Donald Trump hələlik bu suala dəqiq cavab verməsə də, onun siyasi kursunu davam etdirə biləcək namizədlər ətrafında müzakirələr getdikcə intensivləşir. Hazırda diqqət mərkəzində iki əsas fiqur dayanır. Vitse-prezident Ceyms Devid Vance və dövlət katibi Marco Rubio.

Donald Trampın Amerika siyasətinə gətirdiyi “Make America Great Again” (MAGA) ideologiyası son onillikdə Respublikaçılar Partiyasının əsas siyasi xəttinə çevrilib. Bu hərəkatın gələcək taleyi isə birbaşa olaraq Trampdan sonrakı liderin kim olacağından asılıdır.

Mətbuatda yayılan məlumatlara görə, Tramp hələ də öz siyasi irsini kimin daha uğurla davam etdirə biləcəyini müəyyənləşdirməyə çalışır. O, bir tərəfdən vitse-prezident Cey Di Vensə mühüm siyasi səlahiyyətlər verir, digər tərəfdən isə onun liderlik keyfiyyətlərini və seçki potensialını daim qiymətləndirir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Nicat İsmayılov bildirib ki, görünür ki, Tramp öz siyasi irsinin gələcəyi məsələsinə son dərəcə həssas yanaşır və 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının qələbəsini təmin edə biləcək ən güclü namizədi müəyyən etməyə çalışır.

“Son illərdə Respublikaçılar Partiyasında sürətlə yüksələn simalardan biri məhz Cey Di Vensdir. O, Trampın siyasətini açıq şəkildə müdafiə edən və MAGA elektoratı ilə sıx əlaqələr quran siyasətçilərdən hesab olunur.

Vensin əsas üstünlüklərindən biri onun Tramp tərəfdarları arasında yüksək nüfuza malik olmasıdır. O, həmçinin Amerikanın sənaye bölgələrində yaşayan seçicilər arasında populyarlıq qazanaraq partiyanın ənənəvi seçici bazasının genişlənməsinə töhfə verib.

Lakin onun qarşısında müəyyən problemlər də mövcuddur. Bir sıra siyasi müşahidəçilər hesab edirlər ki, Vensin milli səviyyədə seçki kampaniyası aparmaq təcrübəsi məhduddur. Bundan əlavə, o, Respublikaçılar Partiyasının müxtəlif qanadları arasında tarazlıq yaratmaq baxımından müəyyən çətinliklərlə üzləşə bilər”-deyən politoloqun fikrincə, məhz bu səbəbdən Trampın bəzən Vensin siyasi dayanıqlığı ilə bağlı şübhələr səsləndirdiyi bildirilir.

Digər əsas namizəd kimi Marko Rubio ön plana çıxır. Uzun illər Senatda fəaliyyət göstərən və hazırda ABŞ-ın xarici siyasətinə rəhbərlik edən Rubio həm daxili, həm də beynəlxalq siyasətdə böyük təcrübəyə malikdir.

Rubionun üstünlüklərindən biri onun Respublikaçılar Partiyasının müxtəlif qrupları ilə işləmək bacarığıdır. O, həm mühafizəkar elektorata, həm də daha mərkəzçi respublikaçılara müraciət edə bilən siyasətçi kimi qiymətləndirilir.

Bununla yanaşı, Rubio beynəlxalq məsələlər üzrə geniş bilik və təcrübəyə malikdir. ABŞ-ın Çin, Rusiya, Yaxın Şərq və Latın Amerikası siyasətində fəal rol oynayan Rubio, qlobal məsələlərə hakim olan lider obrazı formalaşdırmağa çalışır.

Nicat İsmayılovun fikrincə, onun əsas çatışmazlığı MAGA hərəkatının ən sərt tərəfdarları arasında Tramp qədər emosional dəstəyə malik olmamasıdır. Bir çox seçici Rubionu ənənəvi Respublikaçı siyasətin nümayəndəsi kimi qəbul edir.

ABŞ siyasi tarixində sabiq prezidentlərin öz siyasi varislərini müəyyən etməyə çalışması yeni hal deyil. Lakin Donald Trampın nüfuzu və Respublikaçılar Partiyası üzərində təsiri nəzərə alındıqda, onun dəstəyi 2028-ci il seçkilərində həlledici amilə çevrilə bilər.

“Trampın açıq şəkildə dəstəklədiyi namizəd Respublikaçıların ilkin seçkilərində ciddi üstünlük qazanacaq. Buna görə də həm Vens, həm də Rubio Trampın etimadını qazanmağa çalışırlar.

Hazırkı mərhələdə Tramp qəsdən yekun qərar verməkdən yayınır. Bu strategiya ona həm potensial namizədləri sınaqdan keçirməyə, həm də partiya daxilində siyasi balansı qorumağa imkan verir.

Respublikaçılar Partiyasında gələcək liderlik uğrunda mübarizə hələ yeni başlayır. Qarşıdakı illərdə ölkədaxili iqtisadi vəziyyət, xarici siyasət hadisələri və seçicilərin siyasi meylləri namizədlərin şanslarına birbaşa təsir göstərəcək.

Hazırda Cey Di Vens MAGA elektoratının əsas favoriti kimi görünür. Lakin Marko Rubionun siyasi təcrübəsi, beynəlxalq nüfuzu və partiya daxilində geniş əlaqələri onu ciddi rəqibə çevirir”-deyə o bildirib.

Onun sözlərinə görə, Donald Trampın yekun seçimi isə yalnız iki siyasətçinin taleyini deyil, həm də Respublikaçılar Partiyasının gələcək istiqamətini müəyyənləşdirəcək.

Məhz buna görə də Vaşinqtonda və beynəlxalq siyasi dairələrdə “Trampın siyasi varisi kim olacaq?” sualı artıq 2028-ci il seçkilərinin ən mühüm mövzularından biri hesab olunur.

ABŞ siyasətində yeni liderlik dövrünə hazırlıq prosesi artıq başlayıb. Cey Di Vens və Marko Rubio arasında görünməyən rəqabət Respublikaçılar Partiyasının gələcəyini formalaşdıran əsas amillərdən biri olacaq. Politoloq vurğulayıb ki, hər iki siyasətçinin üstünlükləri və zəif tərəfləri mövcuddur. Lakin son söz yenə də Donald Trampa məxsusdur. Onun siyasi dəstəyi və qərarı yalnız partiya daxilində deyil, bütövlükdə Amerika siyasətində qüvvələr nisbətinə təsir göstərə biləcək mühüm faktor olaraq qalır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
bizimyol.info

1Mənbələr