AZ

Aydın Mirzəzadə: Azərbaycan bu gün beynəlxalq diplomatiya paytaxtlarından birinə çevrilib

Bakı, 2 iyun, AZƏRTAC

Müasir dövrdə enerji təhlükəsizliyi beynəlxalq siyasətin vacib amillərindən biridir. Azərbaycan bu prosesdə fəal iştirak edir. Bir tərəfdən bizim qədim zamanlardan gələn enerji ehtiyatlarından istifadə etmək təcrübəmiz var, digər tərəfdən isə müstəqilliyimizi bərpa etdikdən sonra enerji resurslarımızı xarici bazara çıxarmaq üzrə milli mənafelərimizə cavab verən bir sistem qura bilmişik. Bunun əsasını isə Ulu Öndər Heydər Əliyev qoyub. Onun vaxtilə təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və sonradan bu xəttin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi Azərbaycana çox böyük uğurlar gətirib. Bu, həm beynəlxalq aləmdə tərəfdaşlarımızın sayının artmasına, həm də yaranan maliyyə imkanlarının daxili problemlərin həllinə yönəldilməsində böyük rol oynayıb. Bundan başqa, Azərbaycan təkcə bu sahədə deyil, digər məsələlər üzrə də həmişə çox etibarlı tərəfdaş kimi çıxış edib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın ixracında qeyri-neft sektorunun həcmi gündən-günə artmaqdadır. Eyni zamanda, daxili iqtisadiyyatda da qeyri-neft sektorunun payı durmadan yüksəlir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə nüfuz təkcə xarici bazara nə çıxarmağınla qazanılmır, ümumilikdə ölkənin etibarlılığı, beynəlxalq hüququn normalarına riayət etməsi və digər ölkələrlə əməkdaşlıqda qarşılıqlı əməkdaşlıq imkanlarının həyata keçirilməsi kimi amillər də nəzərə alınır. Daxili siyasətin uğuru, insan hüquqlarının və demokratiyanın qorunması da vacib məsələlərdən hesab edilir. Düşünürəm ki, Azərbaycan təkcə enerji imkanları deyil, ümumilikdə dövlətçilik fəaliyyəti ilə bu gün beynəlxalq birlikdə yüksək nüfuz qazana bilib.

“Statistik göstəricilərlə də Azərbaycanın regionda özünəməxsus çəkisi var. Ərazimiz stratejidir, əhalimizin sayı isə 10 milyondan çoxdur. Azərbaycan xalqının tarixən öz iqtisadi həyatını qurmaq bacarığı - bütün bu sadalananlar regionda bizim həm iqtisadi, həm də siyasi çəkimizin yüksək olmasına təsir göstərir. Qonşu dövlətlərlə mehriban qonşuluq siyasətinin aparılması da Azərbaycanın dostlarının kifayət qədər artmasına səbəb olan amillərdəndir. Bu gün Azərbaycan regionda sülhün təminatçısı rolunda çıxış edir. Bir çox iqtisadi və siyasi layihələrin təşəbbüskarı olan ölkəmiz bu gün beynəlxalq diplomatiya paytaxtlarından birinə çevrilib. Azərbaycanın təşəbbüsləri həmişə böyük maraqla qarşılanır. Yürüdülən bu xətt bundan sonra da həm Azərbaycanın nüfuzunun artmasına, həm də regionun sülh və əməkdaşlıq məkanına çevrilməsinə kömək göstərəcək”, - deyə deputat əlavə edib.

Azərbaycanın enerji resurslarını xarici bazara çıxaran şəbəkəsinin region ölkələrinin də diqqətini cəlb etdiyini deyən A.Mirzəzadə vurğulayıb ki, bu baxımdan Azərbaycan təkcə ixracatçı kimi deyil, həm də reixracatçı ölkə kimi tanınır. Bu gün iqtisadiyyatımızın inkişaf edən sahələrindən biri də elektrik enerjisi istehsalıdır. Cənubi Avropanın dörd ölkəsi Azərbaycandan elektrik enerjisi alır və bu həcm getdikcə artmaqdadır. Buna görə də ötürülmə xətlərinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Məhz bu səbəbdən Qara dəniz enerji kabeli layihəsi bu gün həm Azərbaycanın, həm də bunda maraqlı olan digər ölkələrin diqqət mərkəzindədir.

“Zəngəzur dəhlizi isə bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə tarixən eksklav vəziyyətində qalmış Naxçıvan bölgəsi arasında birbaşa əlaqənin yaranmasına kömək edir, digər tərəfdən isə Şərqlə Qərbin arasında çox etibarlı dəhliz kimi görünür. Ermənistan uzun müddət buna müqavimət göstərsə də, ötən il Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında üçtərəfli sənədin imzalanması Zəngəzur dəhlizi layihəsinin reallaşmasına böyük imkanlar yaradır. Azərbaycan öz tərəfindən bu iş üçün maksimum səy göstərir. Ermənistan tərəfindən də bu layihəyə dair ciddi çağırışlar gəlir. Ümid edirik ki, bu çağırışlar qısa zamanda Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə nəticələnəcək. Bu, həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Bu dəhliz, eyni zamanda, yüklərin və insanların Türkiyəyə, oradan isə Avropa və ya əksinə, Şərq ölkələrinə daha qısa zamanda daşınmasına imkan verəcək. Bir sözlə, Azərbaycanın təşəbbüsləri yenə də böyük maraq doğurur və bunların həyata keçirilmə perspektivləri çox real görünür”, - deyə o diqqətə çatdırıb.

Seçilən
18
1
azertag.az

2Mənbələr