AZ

Alimlər həyəcan təbili çalır: Nəfəs aldığımız havada gizli xərçəng təhlükəsi

Vyana Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, havada olan mikroplastik hissəciklər insan sağlamlığı üçün ciddi risk yarada bilər.

Demokrat.az
xəbər verir ki, Independent nəşrinin yazdığına görə, nəfəs aldığımız hava ilə ağciyərlərə daxil olan bu hissəciklər orqanizmdə həftələrlə qala və immun sisteminə mənfi təsir göstərə bilər.

Söhbət ölçüsü 5 millimetrdən kiçik olan mikroplastik hissəciklərdən gedir. Alimlər daha əvvəl onların xərçəng, infarkt və reproduktiv sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini bildirmişdilər.

Yeni araşdırmada isə diqqət əsasən plastik butulkaların istehsalında istifadə olunan PET (polietilen-tereftalat) materialından yaranan mikroplastiklərə yönəldilib.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, PET mikroplastiklərinin təkcə bir dəfə nəfəs yolu ilə qəbul edilməsi belə onların ağciyərlərdə ən azı 14 gün qalmasına səbəb olur. Bu müddət ərzində tənəffüs yollarında güclü iltihab müşahidə edilib.

Araşdırma zamanı limfositlər və eozinofillər kimi immun hüceyrələrinin aktivləşdiyi müəyyən olunub. Bu hüceyrələr allergik reaksiyaların yaranmasında mühüm rol oynayır. Bundan əlavə, mikroplastik hissəciklər ambroziya tozcuqları ilə birlikdə təsir göstərdikdə iltihab daha da güclənib.

Tədqiqatın nəticələri “Journal of Hazardous Materials Advances” elmi jurnalında dərc olunub. Məqalədə qeyd edilir ki, “PET mikroplastiklərinin nəfəs yolu ilə qəbul edilməsi dozadan asılı olaraq tənəffüs yollarında iltihaba səbəb olur”.

Mütəxəssislər hesab edirlər ki, problem xüsusilə böyük şəhərlərdə yaşayan insanlar üçün daha aktualdır. Hazırda Avropa şəhərlərinin havasında PET hissəciklərinin səviyyəsinin hər kubmetr üçün təxminən 135–158 nanoqram olduğu qeydə alınıb.

Alimlərin hesablamalarına görə, gündə 10–20 kubmetr hava udan bir insan hər gün təxminən 1–3 mikroqram mikroplastik hissəciklərini nəfəs yolu ilə qəbul edə bilər.

Əvvəlki tədqiqatlar da göstərib ki, orqanizmdə toplanan mikroplastiklər iltihab, DNT zədələnməsi, hüceyrələrin vaxtından əvvəl qocalması və hormonal pozuntularla əlaqəli ola bilər.

Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, PET mikroplastikləri bioloji cəhətdən aktiv hissəciklərdir və onların təsiri qəbul edilən miqdardan və ətraf mühit faktorlarından asılı olaraq immun sisteminin fəaliyyətini dəyişdirə bilər.

Jalə
Demokrat.az
Seçilən
40
1
demokrat.az

2Mənbələr