"Bahar" və "Qum-Dəniz" yataqlarına yeni inkişaf mərhələsi verilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, neft-qaz sənayesində texnoloji inkişaf sürətlə dəyişir və bu dəyişikliklər hasilatın yeni mərhələyə keçidini təmin edir. Babək Hüseynov bildirib ki, sənayedə uzadılmış məsafəli quyular, çoxbudaqlı (multilateral) tamamlanmalar, süni intellekt, qabaqcıl seysmik görüntüləmə və rəqəmsal rezervuar idarəetməsi kimi texnologiyalar geniş tətbiq olunur.
SOCAR rəsmisi qeyd edib ki, xüsusilə yetkin yataqlarda, o cümlədən "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində bu texnologiyaların potensialı tam istifadə olunmayıb. Onun sözlərinə görə, SOCAR-ın operatorlara çağırışı horizontal və çoxbudaqlı quyuların geniş tətbiqi və ACG-də miqyaslı inkişafın sürətləndirilməsi olub.
"Operator bu çağırışı qəbul etdi və ötən il AÇG-də həm horizontal, həm də ilk dəfə multilateral quyular tətbiq olundu. Bu, çox mühüm addımdır. Çünki AÇG-də slot məhdudiyyəti mövcuddur və bu tip quyular rezervuara çıxışı genişləndirərək mövcud yataqlara yeni imkanlar yaradır", - deyə o bildirib.
SOCAR vitse-prezidenti "Bahar" və "Qum-Dəniz" yataqlarına da toxunaraq, bu sahələrdə yeni inkişaf mərhələsinin başladığını qeyd edib. Onun sözlərinə görə, "Bahar" yatağı uzun illərdir azalan hasilatla xarakterizə olunsa da, hazırda bu yatağa yeni həyat verilir və tamamilə yeni inkişaf yanaşması tətbiq olunur.
O bildirib ki, SLB şirkəti ilə əməkdaşlıq çərçivəsində yataqlarda yeni rezervuar modelləşdirilməsi aparılıb və nəticələr ehtiyatların böyük potensialını ortaya çıxarıb.
Babək Hüseynov əlavə edib ki, Bakı şəhərinin enerji və mühəndislik mərkəzi kimi inkişafı da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Bakı region üçün enerji mühəndisliyi, dəniz əməliyyatları və texniki kadr potensialı baxımından strateji hub-a çevrilə bilər.
SOCAR rəsmisi həmçinin qurumun beynəlxalq layihələrə daha fəal inteqrasiyasından danışıb. O qeyd edib ki, şirkət artıq xaricdə müxtəlif qaz və neft layihələrində iştirak edir və bu, həm texnologiya transferi, həm də portfelin şaxələndirilməsi baxımından vacibdir.
"Upstream sektor artıq yalnız yeni layihələrlə deyil, həm də mövcud yataqların ağıllı idarə olunması və modern texnologiyaların tətbiqi ilə müəyyən edilir. Gələcək dəyər həm yeni kəşflərdən, həm də mövcud yataqların yenidən dəyərləndirilməsindən yaranacaq", - deyə o vurğulayıb.
Babək Hüseynov sonda bildirib ki, qlobal enerji təhlükəsizliyi və təchizatın diversifikasiyası fonunda Azərbaycan etibarlı strateji tərəfdaş kimi mövqeyini gücləndirməkdə davam edir.