AZ

666 nömrəli avtobus xətti geri qayıdır - Görün hara gedir...

İngilis dilində “cəhənnəm” mənasını verən “Hell” sözünə bənzəyən Hel qəsəbəsinə gedən avtobus xətti nömrəsinə görə illərlə müzakirə mövzusu olub. Polşanın məşhur Hel yarımadasına xidmət göstərən 666 nömrəli avtobus xətti üç illik fasilədən sonra yenidən fəaliyyətə başlayır.

Musavat.com xəbər verir ki, Polşanın Baltik dənizi sahilində yerləşən məşhur Hel kurortuna gedən avtobus xətti uzun müddət ölkədəki dindar katolik qrupların etirazları ilə üzləşmişdi. İncilə görə 666 rəqəmi “şeytanın nömrəsi” hesab edildiyindən bəzi dini təşkilatlar bu xəttin nömrəsinin dəyişdirilməsini tələb etmişdi. Nəticədə 2023-cü ildə xəttin nömrəsi 669-a dəyişdirilmişdi.

Lakin mübahisəli nömrə turistlərin böyük marağına səbəb olmuşdu. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər “cəhənnəm avtobusu” kimi tanınan 666 nömrəli avtobusun qarşısında şəkil çəkdirmək üçün növbəyə dayanırdılar. Sosial şəbəkələrdə yayılan paylaşımlar xəttin populyarlığını daha da artırmışdı.

Məlumata görə, beynəlxalq sərnişindaşıma şirkəti FlixBus bu yay mövsümündə 666 nömrəsini yenidən istifadəyə qaytarıb. Yeni marşrut Krakov şəhərini Hel qəsəbəsi ilə birləşdirəcək, yol üzərində isə Varşava və Hel yarımadasının digər məşhur kurort bölgələrində dayanacaqlar olacaq.

Yeni xətt hər gün fəaliyyət göstərəcək. Avtobus səhər Krakovdan yola düşəcək və təxminən 13 saatlıq səfərdən sonra Baltik sahilində yerləşən Hel qəsəbəsinə çatacaq.

Beləliklə, vaxtilə etirazlara görə dəyişdirilən 666 nömrəli avtobus xətti yenidən Polşa yollarına qayıdır və görünən odur ki, bu qərar turistləri daha da sevindirəcək.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr