AZ

Bakıda kişi sevgilisini döydü: "Qapını bağlayıb, qonşuya gedəcəyini dedi"

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vəli Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Cebheinfo.az" Pravda.az-a istinadən xəbər verir ki, hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə, o, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vəli Babayev paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərin birində sevgili münasibətində olduğu Fəridə Abbasova (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı qadına xəsarət yetirib.

Belə ki, qadının kişiyə kobud ifadələr işlətməsi səbəbindən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Vəli qəsdən əli ilə Fəridənin baş və sifət nahiyəsinə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən sol təpə nahiyəsinin hematoması ilə müşayiət olunan bədən xəsarəti yetirilib.

Məhkəmə istintaqı zamanı ifadə verən Vəli Babayev ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Fəridə ilə təxminən iki il əvvəl tanış olub və həmin vaxtdan qeyri-rəsmi münasibətdə yaşayıblar.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 13:45-də Fəridəyə zəng edərək evə gəldiyini xəbər verib. Təxminən 15 dəqiqə sonra yaşadıqları mənzilə gəlib. Evə daxil olduqdan sonra duş qəbul edib paltarlarını dəyişəcəyini bildirib. Bu zaman Fəridə qonşuya gedəcəyini və qapını bağlayacağını deyib. Vəli isə evdən çıxacağını əsas gətirərək qapının bağlanmamasını istəyib. Qadının qapını bağlayacağını və təxminən bir saat sonra geri qayıdacağını söyləməsi tərəflər arasında gərginliyə səbəb olub. Nəticədə onların arasında mübahisə yaranıb.

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, mübahisə zamanı Fəridənin kobud danışması onu əsəbiləşdirib və o, öz hərəkətlərinə nəzarət edə bilməyərək əli ilə zərərçəkmiş şəxsin baş və sifət nahiyəsinə zərbə vurub.

Məhkəmədə çıxışı zamanı Vəli Babayev törətdiyi əməldən peşman olduğunu bildirib. O, sağlamlıq vəziyyətinin və himayəsində azyaşlı övladlarının olmasının nəzərə alınmasını xahiş edərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən istəyib.

"Cebheinfo.az"

Seçilən
29
6
cebheinfo.az

7Mənbələr