Asif İbrahimov: “Qlobal enerji keçidi prosesi davam etsə də, dünya iqtisadiyyatı yaxın perspektivdə neft və qazdan imtina etmək imkanına malik deyil”
“Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.
Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”. BunuPrezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Prezident açıq bəyan etdi ki, neft və qaz sənayesinə qarşı uzun illər aparılan qarayaxma və damğalama kampaniyasına artıq son qoyulub və dünya faydalı qazıntılar olmadan yaşaya bilməz.
Praqmatizm vacibdir: enerji təhlükəsizliyi + bərpaolunan enerjiyə sərmayə. Təbii sərvətlərdən düzgün istifadə - düzgün enerji siyasəti və milli maraqlara əsaslanan praqmatik yanaşma ölkələr üçün ən doğru yoldur. Azərbaycan bu yolla həm özünü, həm də qlobal enerji təhlükəsizliyini gücləndirir. Azərbaycanın təcrübəsi, regionun, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür.
Biznes konsultant, iqtisadçı-ekspert, Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov baki-xeber.com-a “Cənab Prezidentin neft və qaz sənayesinə qarşı uzun illər aparılan kampaniyanın uğursuzluğa düçar olması ilə bağlı səsləndirdiyi fikir qlobal enerji bazarında müşahidə olunan iqtisadi reallıqların məntiqi nəticəsi kimi qiymətləndirirəm.
Son illərdə dünyanın bir çox ölkələrində bərpa olunan enerji mənbələrinin inkişafına böyük investisiyalar yönəldilsə də, neft və qaz qlobal iqtisadiyyatın əsas enerji daşıyıcıları olaraq qalmaqdadır”-deyə bildirdi.
A.İbrahimovun fikrincə, xüsusilə enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığı dövrlərdə, Ukrayna-Rusiya müharibəsindən sonra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr enerji təminatında fosil yanacaqların hələ də əvəzolunmaz rol oynadığını qəbul etmək məcburiyyətində qalıblar: “İqtisadi baxımdan neft və qaz sektoru yalnız enerji mənbəyi deyil, həm də dövlət büdcələrinin formalaşması, sənayenin inkişafı, məşğulluğun təmin edilməsi və beynəlxalq ticarətin davamlılığı baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən qlobal iqtisadiyyatın tam şəkildə alternativ enerji mənbələrinə keçidi gözləniləndən daha uzun zaman tələb edir.
Mövcud statistika göstərir ki, dünya üzrə enerji istehlakının böyük hissəsi hələ də neft və qazın payına düşür. Eyni zamanda, enerji keçidi prosesinin davam etməsinə baxmayaraq, bir çox ölkələr yeni neft və qaz yataqlarının işlənməsi, enerji infrastrukturlarının genişləndirilməsi və təbii qaz təchizatının artırılması istiqamətində investisiyalarını davam etdirirlər.
Azərbaycan da enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi beynəlxalq bazarlarda öz mövqeyini möhkəmləndirib. Xüsusilə Avropa ölkələrinin enerji şaxələndirilməsi siyasətində Azərbaycanın təbii qaz resursları mühüm rol oynayır.Azərbaycan özünü etibarlı tədarükçü kimi tövsiyə etməyi bacarıb.
Cənab prezidentin səsləndirdiyi fikir onu göstərir ki, qlobal enerji keçidi prosesi davam etsə də, dünya iqtisadiyyatı yaxın perspektivdə neft və qazdan imtina etmək imkanına malik deyil. Enerji təhlükəsizliyi və iqtisadi inkişaf tələbləri bu sektorun strateji əhəmiyyətini qoruyub saxlayır və neft-qaz sənayesinin qlobal iqtisadiyyatda mühüm rolunu davam etdirdiyini təsdiqləyir”.
İradə SARIYEVA