Xəbər verdiyimiz kimi, Azərbaycan Texnologiya Universitetində hazırkı imtahan sessiyasından başlayaraq imtahan prosesində süni intellekt əsaslı innovativ həllər tətbiq ediləcək. Platforma vasitəsilə bilet əsaslı imtahan cavabların süni intellekt tərəfindən operativ qiymətləndirilməsi və nəticələrin dərhal təqdim olunması nəzərdə tutulur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev qeyd etdi ki, artıq biz dördüncü sənaye inqilabı və eyni zamanda süni intellekt əsrində yaşayırıq:
"Buna görə də rəqəmsal həllərin tətbiqi və süni intellektdən istifadə qaçılmazdır. Nə qədər tez adaptasiya olunsa, düşünürəm ki, həm inkişafımız, həm bürokratik əngəllərin aradan qaldırılması, həm də yeni modellərə keçidimiz bir o qədər sürətli olacaq. Bu baxımdan, Azərbaycan Texniki Universitetinin bu cür həlləri pilot layihə kimi tətbiq etməsi əhəmiyyətlidir".

Müsahibimizin fikrincə, gələcəkdə bu yanaşma digər ali təhsil müəssisələrinə və qiymətləndirmə meyarlarına da öz təsirini göstərəcək.
"Təbii ki, bu yalnız ali təhsil müəssisələrini əhatə etmir; eyni zamanda Dövlət İmtahan Mərkəzi də süni intellekt əsaslı yoxlama mexanizmlərini vaxtında və düzgün şəkildə tətbiq etməlidir. Bu, həm yoxlama proseslərinin operativliyini artıracaq, həm də müəllimlər tərəfindən yoxlanılan bəzi yazı işlərinin təkrar qiymətləndirilməsini asanlaşdıracaq. Bu yanaşma təqdirəlayiqdir. Həm kağız daşıyıcılardan imtina etmək, həm də yeni modelə keçid baxımından bu, mühüm addımdır. Qeyd etmək istərdim ki, süni intellektin tətbiq olunduğu yoxlama prosesləri mövcud olsa da, hələlik ikinci mərhələ yoxlama mexanizmi də tətbiq edilməlidir. Çünki süni intellekt hələ 100 faiz dəqiqliklə qiymətləndirmə aparmır; ən yaxşı halda bu göstərici təxminən 80–85 faiz təşkil edir. Buna görə də ikinci yoxlama mərhələsi hələ də zəruridir", - deyə S.Abdullayev bildirdi.
Xədicə BAXIŞLI