AZ

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Bakı Enerji Həftəsində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasının ölkənin inkişafında oynadığı mühüm rola diqqət çəkdi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan enerji siyasəti dövlət gəlirlərinin artmasına, infrastrukturun formalaşmasına və qeyri-neft sektorunun inkişafı üçün maliyyə bazasının yaradılmasına imkan verdi.
Bu sözləri BUTA.TV-a açıqlamasında millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanın enerji siyasətinin nəticələrindən danışarkən deyib. Deputat bildirib ki, enerji resurslarının ixracından əldə olunan gəlirlər hesabına ölkədə geniş infrastruktur layihələri həyata keçirilib, iqtisadiyyatın rəqabət qabiliyyəti artırılıb və əldə olunan vəsaitlərin bir hissəsi gələcək nəsillər üçün ehtiyat kimi saxlanılıb: “Hazırda Azərbaycanın dövlət rezervləri 90 milyard dollara yaxındır. Dövlət rezervlərinin ÜDM-də payına görə Azərbaycan dünyada ən yaxşı göstəricilərə malik ölkələr sırasındadır. Bu, bir tərəfdən infrastrukturun inkişafına, digər tərəfdən isə gələcək nəsillər üçün ehtiyatların formalaşdırılmasına imkan verib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsasını qoyan strateji sənəd olub. Ulu Öndərin rəhbərliyi ilə milli maraqlar nəzərə alınaraq imzalanan bu müqavilə ölkəyə xarici investisiyaların cəlb edilməsinə, dövlət gəlirlərinin davamlı artmasına şərait yaratdı. Bu gün Azərbaycanın iqtisadi inkişafında və dayanıqlılığında “Əsrin müqaviləsi”nin xüsusi rolu var”. Millət vəkili vurğulayıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycan tamamilə fərqli iqtisadi və siyasi mənzərə ilə üz-üzə idi: “Həmin dövrdə iqtisadi tənəzzül, Qarabağ müharibəsi və torpaqlarımızın işğalı ölkənin inkişafına ciddi təsir göstərirdi. Ulu Öndərin hakimiyyətə qayıdışı tənəzzülün qarşısını aldı, ordu quruculuğunda yeni mərhələnin əsasını qoydu, Azərbaycanın beynəlxalq nüfuzunu və iqtisadi imkanlarını artırdı. Bu gün Azərbaycan regionun orta güc dövlətlərindən biridir və regional proseslərə təsir imkanlarına malikdir”. Deputatın sözlərinə görə, enerji gəlirləri yalnız iqtisadiyyatın deyil, sosial təminat sisteminin gücləndirilməsinə də xidmət edib:

“Son illərdə ölkədə beş sosial paket icra olunub və bu məqsədlə əlavə olaraq 8 milyard manatdan çox vəsait ayrılıb. Təkcə son sosial paket 3 milyondan artıq vətəndaşı əhatə edib və bu istiqamətə 1,4 milyard manat əlavə vəsait yönəldilib. Azərbaycanın gəlirləri artdıqca sosial sahəyə ayrılan vəsaitlərin də artacağını müşahidə edəcəyik”.

Seçilən
16
buta.tv

1Mənbələr