“Abşeron” yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarı yaxın aylarda veriləcək
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Qaz bazarları: İnfrastruktur, Strategiya və Geosiyasət” adlı sessiyasında XRG-nin Azərbaycan üzrə rəhbəri Tolqa Demir deyib.
Onun sözlərinə görə, XRG yaxın vaxtlarda Cənub Qaz Dəhlizindəki 12,5%-lik payının alınmasını tamamlayacaq.
Tolqa Demir bildirib ki, şirkət Azərbaycanın enerji sektorunda fəaliyyətini genişləndirir və “Abşeron” yatağı bu strategiyanın əsas hissəsidir.
“Abşeron”un birinci mərhələsində SOCAR və TotalEnergies ilə birlikdə gündəlik təxminən 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil edilir.
Onun sözlərinə görə, yatağın tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarının yaxın aylarda qəbul edilməsi gözlənilir.
“İlk qazın 2029-cu ilin avqustunda əldə olunmasını hədəfləyirik”, – deyə Tolqa Demir qeyd edib.
XRG rəsmisi əlavə edib ki, Xəzər regionu şirkətin beynəlxalq qaz portfelinin strateji mərkəzlərindən biridir və SOCAR uzunmüddətli strateji tərəfdaş hesab olunur.