AZ

Livan atəşkəsi: Yaxın Şərqdə sülhə keçid, yoxsa?..

İyunun əvvəlində İsrail və Hizbullah arasında ABŞ vasitəçiliyi ilə əldə olunan qarşılıqlı hücumların dayandırılması razılaşması ilk baxışdan bölgədə gərginliyin azalması kimi görünür. Razılaşmaya əsasən, İsrail Beyrutun cənubundakı Dahiya bölgəsinə zərbələri dayandırmalı, Hizbullah isə İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumları dayandırmalıdır.

Həm Livan rəsmiləri, həm də ABŞ tərəfi Hizbullahın bu təklifi qəbul etdiyini açıqlayıb.  Lakin məsələ yalnız İsrail-Livan xətti ilə məhdudlaşmır. Son aylarda İran, İsrail, ABŞ və Hizbullah arasında yaranmış çoxqatlı qarşıdurma göstərdi ki, Livan artıq regional böhranın əsas cəbhələrindən birinə çevrilib. Bu səbəbdən əldə olunan razılaşma tam sülhdən çox, daha geniş müharibənin qarşısını almağa yönəlmiş taktiki addım təsiri bağışlayır.

Diqqətçəkən məqamlardan biri İranın reaksiyasıdır. Tehran açıq şəkildə bəyan edib ki, Livanda əldə olunan atəşkəs ABŞ-la aparılan danışıqların və daha geniş təhlükəsizlik razılaşmalarının bir hissəsi hesab olunur. İran rəsmiləri İsrailin Livanda hücumları davam etdirəcəyi halda bunun bütün razılaşmaları təhlükə altına salacağını bildiriblər. İran mediasında və SEPAH-a yaxın mənbələrdə hətta Qırmızı dənizin girişində yerləşən Bab əl-Məndəb boğazının yenidən gündəmə gətirilə biləcəyi ilə bağlı xəbərdarlıqlar səslənib.   Bu isə göstərir ki, Livandakı vəziyyət artıq təkcə Livan məsələsi deyil; Hörmüz boğazından Bab əl-Məndəbə qədər uzanan enerji və ticarət marşrutlarının təhlükəsizliyi ilə birbaşa bağlıdır.

Digər tərəfdən, İsrail daxilində də bu razılaşmaya tam etimad yoxdur. Rəsmi Təl-Əviv Hizbullahın silahlı potensialını tam zərərsizləşdirmədən uzunmüddətli sabitliyin mümkün olmayacağını düşünür. Hətta atəşkəs xəbərlərinin yayıldığı saatlarda belə tərəflər arasında qarşılıqlı ittihamlar və lokal toqquşmalar davam edib. Bu səbəbdən hazırkı mərhələdə “müharibə bitdi” demək çətindir. Əksinə, tərəflər növbəti mərhələyə qədər vaxt qazanmağa çalışırlar. 

Əsas sual isə budur: Yaxın Şərq yeni sülh mərhələsinə daxil olur, yoxsa daha böyük geosiyasi sövdələşmənin hazırlıq dövrünü yaşayır? Hazırda hadisələrin inkişafı ikinci ehtimalı daha güclü göstərir. Livan cəbhəsində atəşkəsin qorunması ABŞ-İran danışıqlarının taleyinə, İsrailin regional strategiyasına və İranın müttəfiq qüvvələrinin davranışına bağlıdır. Buna görə də bölgədə nisbi sakitlik müşahidə olunsa da, Yaxın Şərqin tam sabitlik mərhələsinə keçdiyini söyləmək üçün hələ tezdir. Əksinə, region hazırda yeni güc balansının formalaşdığı və tərəflərin öz mövqelərini yenidən müəyyənləşdirdiyi həssas keçid dövründən keçir. 

Ruslan Zəngəzur

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr