AZ

Ömür uzunluğunu təyin edən orqan müəyyən edildi

Mass General Brigham tədqiqatçıları müəyyən ediblər ki, timus (boğazaltı vəzi və ya vilusvari vəzi) böyüklərdə də orqanizmdə mühüm rol oynamağa davam edir. Timusu daha sağlam olan insanların ürək-damar xəstəliklərindən ölüm riski daha aşağı olur, ağciyər xərçənginə daha az tutulur və immunoterapiyaya daha yaxşı cavab verirlər. 

Demokrat.az
xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Timus döş qəfəsində yerləşir və T-limfositlərin — immun sistem hüceyrələrinin — yetişməsinə cavabdehdir. Bu hüceyrələr orqanizmi infeksiyalardan və şişlərdən qoruyur. Cinsi yetkinlikdən sonra bu vəzi tədricən kiçilir və yeni immun hüceyrələrin istehsalı azalır, buna görə uzun müddət onun böyüklərdə əhəmiyyətsiz olduğu düşünülürdü.

Bu fərziyyəni yoxlamaq üçün alimlər 25 mindən çox insanın ağciyər xərçəngi skrininq proqramı məlumatlarını, həmçinin məşhur Framingham Heart Study tədqiqatının 2,5 mindən çox iştirakçısının göstəricilərini təhlil ediblər. Timusun vəziyyətini qiymətləndirmək üçün tədqiqatçılar döş qəfəsinin adi KT görüntülərini analiz edən süni intellektdən istifadə ediblər.

Vəziyin ölçüsü, strukturu və toxuma tərkibi əsasında “timusun sağlamlıq göstəricisi” yaradılıb. Nəticələr göstərib ki, bu göstəricisi yüksək olan insanlarda bütün səbəblərdən ölüm riski təxminən 50% daha aşağı, ürək-damar xəstəliklərindən ölüm riski 63% daha aşağı, ağciyər xərçəngi riski isə 36% daha az olub.

Müəlliflərin fikrincə, timusun pisləşməsi T-limfositlərin müxtəlifliyinin azalmasına gətirib çıxarır. Bu isə immun sisteminin yeni təhlükələri, o cümlədən xərçəng hüceyrələrini tanımasını çətinləşdirir.

Tədqiqat həmçinin timusun vəziyyətinə mənfi təsir edən faktorları da müəyyən edib: xroniki iltihab, siqaret çəkmə və artıq çəki.

Araşdırmanın rəhbəri Hüqo Erts bildirib ki, timus uzun illər qiymətləndirilməyən bir orqan olub, halbuki o, insanların niyə fərqli sürətlə yaşlandığını və xərçəng müalicələrinin niyə hər kəsdə eyni effekt vermədiyini izah edə bilər.

Alimlər vurğulayırlar ki, nəticələr hələ əlavə tədqiqatlarla təsdiqlənməlidir. Həmçinin hazırda timusun vəziyyətini həyat tərzi və ya müalicə üsulları ilə yaxşılaşdırmağın mümkün olub-olmadığı dəqiq bilinmir. Buna baxmayaraq, gələcəkdə timusun sağlamlığının qiymətləndirilməsi xəstəlik riskinin proqnozlaşdırılması və daha dəqiq müalicə seçimi üçün yeni bir vasitə ola bilər.

Jalə
Demokrat.az
Seçilən
69
demokrat.az

1Mənbələr