Ukrayna xilasediciləri Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlardan sonra dağıntılar altından cəsədləri çıxarmağa davam edir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücumlar nəticəsində iki uşaq da daxil olmaqla ən azı 18 nəfər həlak olub. Bu, son aylarda Moskvanın həyata keçirdiyi ən böyük hücumlardan biri hesab olunur.
Regional rəsmilərin məlumatına görə, Dnepr şəhərində həlak olan 12 nəfər arasında səkkiz yaşlı oğlan uşağı və bir qadın da var. Paytaxt Kiyevdə isə altı nəfərin öldüyü bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müxtəlif bölgələrində mülki infrastruktur və enerji obyektlərinin hədəfə alındığını, nəticədə 100-dən çox insanın yaralandığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi isə zərbələrin Ukraynanın əvvəlki hücumlarına cavab olaraq endirildiyini və bütün “təyin olunmuş hədəflərin” vurulduğunu bəyan edib.
Kreml çərşənbə axşamı bildirib ki, may ayının sonunda Ukraynanın şərqində yerləşən tələbə yataqxanasına edilən ölümcül hücumla bağlı Kiyevi günahlandırdıqdan sonra vəd etdiyi “sistemli zərbələr” strategiyasını həyata keçirməyə davam edir.
Lətifə Abdıyeva