Avtomobillərdə bəzən sürcülər tərəfindən həddən artıq tündləşdirilmiş plyonkalardan istifadənin şahidi oluruq. Lakin bunun qanunla hansı dərəcəyə qədər istifadəsinə icazə verildiyi ilə bağlı bir çoxu məlumatsızdır.
Mövzu barədə Day.Az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, plyonkalardan istifadə ilə bağlı yol hərəkəti haqqında qanunda və onun bir sıra əlavələrində ətraflı izah verilib.
O, qeyd edib ki, arxa qapı şüşələri və arxa alın şüşəsi tamamilə tündləşdirilə bilər.
"Qabaq qapı şüşələri və qabaq alın şüşələrinin isə tündləşdirilmə dərəcəsi 25%-dən artıq ola bilməz.
Hər hansı digər plyonkanın çəkilməsi qadağandır. Qabaq şüşələrdə rəngi dəyişən şüşələrdən istifadə etmək olmaz. İstər şəffaf, istər tünd plyonkanın tətbiqi də qadağan olunur.
Əgər belə hallar aşkarlanarsa, yol-patrul xidmətinin əməkdaşları həmin xətanı aradan qaldırmaqla - yəni plyonkanı sökməklə - 150 manat məbləğində cərimə tətbiq edirlər", - deyə o bildirib.
Nəsimi Ələsgərli