AZ

Sayılı günlər qaldı: Çimərliklər mövsümə hazırdır?

Azərbaycanda çimərlik mövsümünün açılmasına sayılı günlər qalıb.

İyunun 15-dən etibarən rəsmi olaraq başlayacaq mövsüm üçün Bakı və ətraf bölgələrdəki dənizkənarı ərazilərdə hazırlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir.

Sahilboyu ərazilərdə təmizlik və xidmət infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər bu il də vətəndaşların rahat və təhlükəsiz istirahətini təmin etməyə yönəlib.

Maraqlıdır, çimərlik mövsümü ilə bağlı hansı hazırlıq işləri aparılır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirib ki, çimərliklərdə təhlükəsiz istirahətin təşkili ilə bağlı tədbirlər həyata keçirillib:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq, hər il olduğu kimi bu il də zəruri təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, cari ilin aprel ayından etibarən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. 

Monitorinqlərin əsas məqsədi istifadəyə yararsız və təhlükəli sahələrin müəyyən edilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə təlimatların təqdim olunması olub.

Bundan əlavə, xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb. 

Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb, çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə məlumatlandırıcı lövhələr yerləşdirilib.

Eyni zamanda xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə müsabiqə elan olunub. Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilib.

Xidmət əməkdaşları may ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Ümumilikdə, xidmət çimərlik mövsümünə tam hazırdır”. 

Şöbə rəisi vətəndaşlara müraciət edərək bildirib ki, çimərlik seçərkən diqqətli olsunlar:

“Əgər hər hansı çimərlikdə xilasedicilər yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini göstərir və belə yerlərdən istifadə təhlükəlidir.

Unutmamaq lazımdır ki, çimərliklərdə xoş istirahət üçün günün saatları da olduqca önəmlidir. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir.

Yadda saxlamaq lazımdır ki, nəzarət olunan çimərliklərdə xilasedicilərin tələblərinə və maarifləndirici lövhələrin göstərişlərinə sözsüz əməl edilməlidir.

Küləkli havada dalğalı dənizdə suya girmək, suda kobud hərəkətlər etmək, üzmə sərhədlərini müəyyən edən nişanları keçmək, çimərlik ərazisində balıq ovlamaq, xilasetmə vasitələrindən başqa digər su nəqliyyatı vasitələri ilə çimərlik ərazisinə daxil olmaq, eləcə də spirtli içki qəbul edərək suya girmək qadağandır.

13 yaşadək uşaqlar yalnız valideyn müşahidəsi ilə çimərlikdən istifadə etməli və nəzarətsiz buraxılmamalıdır. Çimərliklərdə təhlükəsiz istirahət üçün müəyyən edilmiş vaxt saat 09:00-dan 20:00-dəkdir”.

Seçilən
36
cebheinfo.az

1Mənbələr