Astana, 2 iyun, AZƏRTAC
Qazaxıstanda “Yerli dövlət idarəetməsi və özünüidarəetmə haqqında” Qanuna dəyişikliklər hazırlanır.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev Alatau şəhərinin inkişafına həsr olunmuş müşavirədə bildirib.
Dövlət başçısının sözlərinə görə, dəyişikliklər qüvvəyə mindikdən sonra yerli idarəetmə orqanlarının səlahiyyətləri genişlənəcək.
Prezident qeyd edib ki, yerlərdə xalqın seçdiyi nümayəndələr büdcə vəsaitlərinin bölüşdürülməsinə birbaşa təsir göstərəcəklər. Bu, vəsaitlərin xərclənməsinə nəzarəti gücləndirəcək və regionların maliyyə müstəqilliyini artıracaq.
Tokayev yaxın vaxtlarda Qurultaya seçkilərin keçiriləcəyini və Xalq Şurasının yaradılacağını da bildirib.