AZ

Bu qızıl mağazalarından alış-veriş etməyin - Eyyub Hüseynovdan XƏBƏRDARLIQ

Bildiyimiz kimi, Azərbaycanda hər gün onlarla toy mərasimi keçirilir və bu dövrlərdə qızıl məmulatlarına tələbat xeyli artır. Bundan əlavə, qızıl yalnız toylar üçün deyil, gündəlik istifadə və investisiya məqsədilə də tez-tez alınan məhsullar sırasındadır.

Lakin maraqlı məqamlardan biri odur ki, bir çox qızıl mağazalarında və univermaqlarda POS-terminal ya ümumiyyətlə yoxdur, ya da kartla ödəniş imkanı məhduddur. 

Onu da qeyd edək ki, qızıl məmulatları ƏDV-yə cəlb olunduğundan alıcılar qızıl alarkən çek verilməməsi onları "ƏDV geri al"dan da məhrum edir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, qızıl məmulatları bazarında ciddi problemlər mövcuddur:

"Hazırda bu məsələlərlə Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyi məşğul olur. Eyni zamanda, 2019-cu ildə ləğv edilmiş Əyar Palatasının funksiyalarının başqa formada bərpası istiqamətində işlər aparılır. Qızıl və digər qiymətli metal məmulatlarının saxta əyarla satılması halları ölkədə kifayət qədər geniş yayılıb. Digər tərəfdən, Nazirlər Kabinetinin 114 nömrəli qərarına əsasən, qızıl məmulatları alındıqdan sonra dəyişdirilməsi və ya geri qaytarılması mümkün olmayan mallar siyahısına daxildir. Həmçinin qızıl məmulatları ƏDV-yə cəlb olunan məhsullar sırasındadır. Bu isə bəzi hallarda istehlakçı hüquqlarının pozulmasına və alıcıların aldadılmasına şərait yaradır. Bundan əlavə, satış məntəqələrində POS-terminalların olmaması birmənalı şəkildə qanun pozuntusu hesab olunur və vergidən yayınma riskləri yaradır. İstehlakçılar belə yerlərdən alış-veriş etməməlidirlər. Çünki onlara saxta və ya keyfiyyətsiz qızıl məmulatı satıldığı halda, ödənişin rəsmiləşdirilməməsi onların hüquqlarını müdafiə etməsini çətinləşdirə bilər. Satış məntəqələrində mütləq POS-terminal olmalı, ödənişlər qanunvericiliyə uyğun qaydada həyata keçirilməlidir. Kartdan-karta ödənişlərin tələb olunması qanunvericiliyin tələblərinə uyğun deyil və şəffaf maliyyə dövriyyəsinin pozulmasına səbəb olur. Bu baxımdan istehlakçılar alış-veriş zamanı ödəniş sənədi təqdim edən, POS-terminal vasitəsilə ödəniş qəbul edən və fəaliyyəti rəsmi qaydada qeydiyyata alınmış satış məntəqələrinə üstünlük verməlidirlər".

NURİYYƏ

Seçilən
35
1
redaktor.az

2Mənbələr