Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq.
“Düzgün enerji siyasəti bizə Azərbaycandan kənara investisiya qoymağa imkan verib”, — deyə dövlət başçısı qeyd edib. O vurğulayıb: “30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi isə investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya da genişlənəcək”.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi ki, hazırda Azərbaycanın dövlət borcunun ümumi daxili məhsula nisbəti olduqca kiçikdir və bu göstəriciyə görə ölkə dünyanın ən qabaqcıl sıralarındadır:
“Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsulun 114 faizi səviyyəsindədir ki, bu da olduqca yaxşı göstəricidir. Yəni ölkə maliyyə və enerji resurslarını konsolidasiya edərək həm ciddi maliyyə sabitliyi formalaşdırıb, həm də elektrik enerjisi və qaz idxal edən ölkədən elektrik enerjisi və qaz ixrac edən ölkəyə çevrilib. Hazırda əsas strategiya təkcə ənənəvi neft və qaz ixracı deyil, həm də alternativ enerji mənbələri əsasında istehsal olunmuş elektrik enerjisinin Avropa bazarlarına satışıdır”.
Həmsöhbətimiz Azərbaycanın qlobal enerji sahəsindəki rolundan da danışdı:
“Azərbaycanın qlobal enerji sahəsində rolu ondan ibarətdir ki, ölkə Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusən də Cənub Qaz Dəhlizi Avropanın ondan çox ölkəsinə sabit qaz təchizatı həyata keçirir. Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi ciddi risklərlə üzləşmişdi və Azərbaycanın bu istiqamətdə kiçik həcmli, lakin etibarlı və dayanıqlı tərəfdaş kimi rolu daha da artıb. Azərbaycan hazırdır ki, Qərbə ixrac etdiyi qazın həcmini iki dəfə artırsın və Cənub Qaz Dəhlizinin ötürmə gücünü genişləndirsin.
Azərbaycan təkcə öz neft və qaz resurslarını dünya bazarlarına çıxarmaqla kifayətlənmir, həm də öz infrastrukturunu Mərkəzi Asiyanın enerji resurslarına malik ölkələrinə açır. Bu isə Qərbin Mərkəzi Asiya resurslarına Rusiyadan və İrandan yan keçməklə çıxışını təmin etmək baxımından mühüm istiqamətdir. Çünki Mərkəzi Asiya ölkələrinin zəngin enerji resurslarının Azərbaycan üzərindən Avropaya ötürülməsi həm regional, həm də qlobal baxımdan böyük əhəmiyyət daşıyır”.
İqtisadçı vurğuladı ki, Qazaxıstanın artıq ildə 1,5 milyon ton nefti Azərbaycan üzərindən dünya bazarlarına çıxarılır və bu rəqəmin 6 milyon tona qədər artırılması nəzərdə tutulur.
“Azərbaycan yaşıl enerji sahəsində formalaşmış tərəfdaşlıq və qlobal gündəlikdə mühüm rol oynayır. Plan ondan ibarətdir ki, yaxın illərdə 10 giqavata qədər enerji alternativ mənbələr hesabına istehsal edilsin və Xəzər dənizinin dibi ilə keçəcək layihə vasitəsilə Avropa bazarına illik 4 giqavata qədər elektrik enerjisi ixrac olunsun. Bunun üçün ölkəyə elektrik enerjisi potensialının artırılması istiqamətində artıq xarici investisiyalar cəlb edilib.
Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biri 2030-cu ilə qədər elektrik enerjisi istehsalında ənənəvi mənbələrin payını azaltmaq, alternativ və yaşıl mənbələrin payını artırmaqdır. Məqsəd indiki səviyyə ilə müqayisədə alternativ enerji hesabına istehsalı ən azı üç dəfə artırmaqdır. Bu isə həm ölkənin enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycana Avropaya təkcə neft və qaz deyil, elektrik enerjisi də ixrac etmək imkanı yaradacaq. Bu elektrik enerjisi isə tamamilə yaşıl və bərpa olunan mənbələrdən əldə olunacaq”, - deyə Xalid Kərimli yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI