"Ekonomiya edəcəm" deyib müflis olanlar — Hibrid və elektrikli maşınlarla bağlı acı reallıq
Azərbaycanda elektromobil və hibrid avtomobillərə marağın artması fonunda bu nəqliyyat vasitələri ilə bağlı müzakirələr də genişlənir. Bəzi istifadəçilər ekoloji və iqtisadi üstünlükləri ön plana çəksə də, mənfi rəy yazanların sayı da az deyil. Bu fərqli yanaşmalar əsasən infrastruktur çatışmazlığı, servis imkanlarının məhdudluğu və real istifadə təcrübəsi ilə bağlı yaranır. Eyni zamanda qiymət, batareya ömrü və uzunmüddətli etibarlılıqla bağlı narahatlıqlar da ictimai rəydə təsirini saxlayır.
Əslində problem texnologiyanın mürəkkəbliyində deyil, ölkəyə gətirilən maşınların keyfiyyətində və hüquqi sənədləşməsindədir. Rəsmi təmsilçiliyi olmayan satıcılardan alınan nəqliyyat vasitələri sonradan sürücülər üçün əsl baş bəlasına çevrilir. Zəmanətsiz satılan yaşıl texnologiyalı maşınlar ilk nasazlıqdayca ustaların əlində qalır, çünki yerli bazarda onların ehtiyat hissələrini tapmaq və ya proqram təminatını yeniləmək müşkül məsələdir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, məsələ avtomobilin elektromobil və ya hibrid ya benzinlə işləyən olmasından asılı deyil:
"Bəzi nəqliyyat vasitələri, istər elektromobil, istər hibrid, istərsə də benzinlə işləyən avtomobillər olsun, rəsmi zəmanət olmadan satışa çıxarılır. Bu avtomobillər xaricdən gətirilir və “təzə” kimi təqdim edilərək satılır, lakin sonradan alıcı ciddi problemlərlə üzləşir. Belə hallarda avtomobildə nasazlıqlar yaranır və satıcı tərəf çox vaxt həmin problemlərin aradan qaldırılmasını təmin etmir. Halbuki həmin avtomobillərin bir qismi zahirən yeni görünsə də, Azərbaycana yeni gətirilsə də, istehsalçı zəmanətindən məhrum olur. Eyni zamanda, bu nəqliyyat vasitələrinin bir hissəsi Avropa spesifikasiyasına uyğun olmur və həm təhlükəsizlik, həm də ekoloji standartlar baxımından yerli tələblərə cavab vermir".
Qeyri-rəsmi yollarla gətirilən bu maşınların texniki göstəriciləri çox vaxt yerli iqlim və yanacaq şəraitinə də uyğun gəlmir. Nəticədə batareya bloklarında vaxtından əvvəl sıradan çıxma halları qeydə alınır ki, bu da alıcının cibinə böyük ziyan vurur.
Ekspert deyib ki, nəticədə alıcılar narazılıq edir və bildirirlər ki, avtomobil xarab olub, zəmanət olmadığı üçün isə ciddi çətinlik yaşayırlar:
"Ona görə də tövsiyə olunur ki, avtomobilin növündən asılı olmayaraq, yeni nəqliyyat vasitəsi alarkən rəsmi diler və ya distribyutorlara üstünlük verilsin. Bu zaman istehsalçı zəmanəti mövcud olur və yarana biləcək nasazlıqların aradan qaldırılması həm satıcı, həm də istehsalçı tərəfindən təmin edilir", - deyə o qeyd edib.
Qısası, aldığınız ekoloji təmiz maşının yolda qalıb sizi xərcə salmasını istəmirsinizsə, onu kənar alverçilərdən deyil, rəsmi zəmanət verən dilerlərdən almalısınız.
Əfsanə Kamal
Demokrat.az