AZ

Neft hələ hər şey deyil, ağıllı neft siyasəti daha vacibdir...



Fuad İbrahimov: “Azərbaycan azsaylı ölkələrdəndir ki, təbii sərvətlərini iqtisadi uğura çevirə bildi”

Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”unun rəsmi açılış mərasimində çıxışı zamanı deyib ki, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir:

“Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, neft gəlirlərinin düzgün idarə edilməsi önəmli faktordur: “Ulu Öndər hakimiyyətə gələndən sonra Azərbaycanın zəngin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlbi istiqamətində ciddi işlər gördü. Xüsusən də xarici neft şirkətləri ilə imzalanan “Əsrin kontraktı” sazişi ölkənin iqtisadi inkişafının təmin edilməsində mühüm rol oynadı. Elə ölkələr var ki, onların enerji ehtiyatları Azərbaycandan qat-qat böyükdür, amma həmin dövlətlər ondan səmərəli istifadə edə bilmirlər. Azərbaycan azsaylı ölkələrdəndir ki, təbii sərvətlərini iqtisadi uğura çevirə bildi. Nefti hasil etməklə iş bitmir. Əsas məsələ həm də onu stabil şəkildə dünya bazarına çıxarmaqdır. Azərbaycanın açıq dənizlərə, dünya okeanına çıxışı olmadığı üçün boru kəmərləri çəkdirərək bunu həyata keçirdi. Bu gün Cənub Qaz Dəhlizi İtaliyaya qədər uzanır. Biz neftdən əldə edilən gəlirlərdən rasional şəkildə istifadə etdik. Həm infrastruktur yeniləndi, həm ölkənin müdafiə qabiliyyəti gücləndirildi, həm də əhalinin sosial vəziyyəti yaxşılaşdırıldı. O cümlədən, böyük nəqliyyat layihələri reallaşdırıldı. Azərbaycan bu gün 16 ölkəyə qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Azərbaycan uğurlu siyasəti ilə bu gün Orta Dəhlizin əsas seqmentinə çevrilib. Azərbaycan Şərqlə Qərbi birləşdirən yolun üzərində yerləşir. İqtisadi nöqteyi-nəzərdən ən elastik, qiymət əmələgəlmə prosesi nöqteyi-nəzərdən ən cazibədar yolun əsas hissəsini və drayverini Azərbaycan təşkil edir. Bu gün Zəngəzur dəhlizi həyata keçirilir. Zəngilandan başlayaraq İran üzərindən Naxçıvana çəkilən avtomobil yolu artıq hazırdır. Gör nə qədər şaxələnmiş yol şəbəkəsi mövcuddur. Deməyim odur ki, neftdən gələn gəlirlər hesabına sözügedən sahələri inkişaf etdirdik. Əgər bədnam qonşularımız ərazilərimizi işğal etməsəydilər, həmin gəlirlər daha çox əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönələrdi. Ancaq buna baxmayaraq, enerji gəlirlərindən səmərəli istifadə etdik”.

Vidadi ORDAHALLI

Seçilən
21
baki-xeber.com

1Mənbələr