Çin Xalq Respublikasında təhsil sahəsində innovativ yanaşmalar və süni intellekt texnologiyalarının tətbiqinə həsr olunmuş beynəlxalq təlim-seminar keçirilib. Çin Xarici İqtisadi Ticarət Universitetinin təşkilatçılığı ilə reallaşan proqramda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə fakültənin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva və Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Arzu İsayeva təmsil olunublar. Təlim çərçivəsində iştirakçılara ali təhsil sistemində rəqəmsal transformasiya prosesləri, süni intellekt texnologiyalarının tədrisə inteqrasiyası, innovativ öyrənmə modelləri və müasir pedaqoji yanaşmalar barədə ətraflı məlumat verilib. Mütəxəssislər süni intellektin təhsil keyfiyyətinin yüksəldilməsi, fərdi təhsil imkanlarının genişləndirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsindəki rolunu geniş şəkildə təqdim ediblər.
Seminarın əsas müzakirə mövzularından biri də rəqəmsallaşmanın təhsil mühitində yaratdığı yeni reallıqlar olub. Ekspertlər süni intellektin sürətli inkişafı fonunda əmək bazarında baş verən dəyişiklikləri, yeni peşələrin meydana çıxmasını və ənənəvi peşələrin transformasiyasını təhlil ediblər. Eyni zamanda vurğulanıb ki, texnoloji yeniliklərə baxmayaraq, yaradıcılıq, analitik düşüncə, etik davranış, kommunikasiya bacarıqları və emosional intellekt gələcəyin təhsil sistemində əsas dəyərlər kimi qalacaq.
Proqram iştirakçıları Çin universitetlərinin qabaqcıl təcrübələri ilə tanış olmaqla yanaşı, müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Keçirilən görüşlər elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edilib ki, belə beynəlxalq təşəbbüslər Bakı Dövlət Universitetinin əməkdaşlarının müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin universitetin beynəlxalq elmi-təhsil əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Namiq Qədimoğlu,
XQ