AZ

Sadə bir qan analizi Altsheymerin hansı mərhələdə olduğunu göstərə bilir

Lund Universitetinin rəhbərliyi ilə aparılan tədqiqat göstərib ki, iki zülal göstəricisini birləşdirən qan testi Altsheymer xəstəliyinin mərhələsini PET skanları ilə müqayisə edilə biləcək dəqiqliklə müəyyən edə bilir. Mindən çox iştirakçı üzərində aparılan sınaqlarda nəticələr klinik simptomlarla üst-üstə düşüb.

Hit.az xəbər verir ki, beldən iynə, qapalı aparat müayinəsi, yüksək xərc... Altsheymer xəstələrinin xəstəliyin hansı mərhələdə olduğunu müəyyən etmək üçün indiyədək istifadə olunan üsullar həm bahalı, həm də çətin prosedurlarla bağlı idi. İsveçin Lund Universitetində aparılan yeni tədqiqat isə bu vəziyyətə sadə qan analizi ilə alternativ təklif edir.

Araşdırma iki fərqli bioloji göstəricinin birlikdə istifadə olunduğu yeni yanaşmanı sınaqdan keçirib. Nəticələr göstərir ki, bu üsul təkcə xəstəliyin olub-olmadığını deyil, həm də hansı mərhələdə olduğunu müəyyən edə bilir. Üstəlik, bu göstəricilər PET skanları və beldən maye götürülməsi kimi üsullarla müqayisə edilə biləcək dəqiqlik verir.

İki göstərici birlikdə daha etibarlı nəticə verir

Altsheymerin erkən mərhələlərini müəyyən etmək üçün artıq təsdiqlənmiş qan testləri mövcuddur və bu testlərdə əsasən “p-tau217” zülalına baxılır. Lakin problem ondadır ki, xəstəlik irəlilədikcə bu göstəricinin dəqiqliyi azalır. İsveçli tədqiqatçılar bu boşluğu aradan qaldırmaq üçün testə ikinci bir marker – “eMTBR-tau243” əlavə ediblər. Bu iki göstərici birlikdə istifadə olunduqda, hətta inkişaf etmiş mərhələlərdə də daha etibarlı nəticələr verir.

Yaşı orta hesabla 72 olan mindən çox iştirakçı üzərində aparılan uzunmüddətli araşdırmalar göstərib ki, qandakı bu göstəricilər xəstələrin klinik simptomları və PET skan nəticələri ilə uyğunluq təşkil edir. Mütəxəssislərin fikrincə, bu metod klinik praktikaya daxil olarsa, yeni dərman sınaqları üçün uyğun xəstələrin seçilməsi daha sürətli və asan olacaq. Bu isə Altsheymer müalicəsində mövcud qeyri-müəyyənliklərin azaldılmasına töhfə verə bilər.

Tədqiqatçılar qeyd edirlər ki, qan testinin nəticələri təkbaşına kifayət deyil və xəstənin ümumi klinik vəziyyəti mütləq nəzərə alınmalıdır. Bununla belə, minimal invaziv olması və geniş kütlələr üçün əlçatanlığı bu yanaşmanı Altsheymer diaqnostikasında mühüm addıma çevirir.

Samir

Seçilən
19
hit.az

1Mənbələr