İranda saxlanılan Britaniya vətəndaşı olan cütlüyün apellyasiya şikayəti rədd edilib.
İnterpress.az xəbər verir ki, bu barədə ailə üzvləri məlumat yayıb.
İranda həbsdə olan Britaniya vətəndaşları Kreyq və Lindsi Forman cütlüyü barələrində çıxarılmış 10 illik həbs qərarından verdikləri apellyasiya şikayətini uduzublar. Onlar casusluqda ittiham olunurlar, lakin özləri bu ittihamları qəti şəkildə rədd edirlər.
Ailə üzvlərinin sözlərinə görə, apellyasiya iclası onların iştirakı olmadan keçirilib. Üstəlik, onlara sənədlərin bir hissəsini anlamadıqları fars dilində imzalamağı təklif ediblər.
Yaxınları bildirirlər ki, cütlük faktiki olaraq hüquqi müdafiədən məhrum edilib və buna etiraz olaraq aclıq aksiyasına başlayıblar.
Məlumatda qeyd olunur ki, iş artıq İranın Ali Məhkəməsinə göndərilib, lakin gələcək proseslərin necə aparılacağı hələlik qeyri-müəyyəndir.
Daha əvvəl Britaniya hökuməti hökmü “əsassız” adlandırıb və vətəndaşlarının azad edilməsi üçün səylərini davam etdirəcəyini bəyan edib.
Beynəlxalq hüquq müdafiəçiləri cütlüyün saxlanılma şəraitinin ağır olduğunu və onlara qarşı ədalətli mühakimənin aparılmadığını bildirirlər.
Xuraman Etibarlı
İnterpress.az