Səs-küy salan qonşularla məsələni dava-dalaşsız necə həll etmək olar? — AÇIQLAMA
Müxtəlif sahələr üzrə inzibati cərimələrin artırılması və nəzarət mexanizmlərinin sərtləşdirilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə qonşular arasında yaranan məişət xarakterli mübahisələr, səs-küy, ümumi istifadədə olan ərazilərlə bağlı narazılıqlar və qarşılıqlı hörmətsizlik halları tez-tez gündəmə gəlir. Tətbiq olunan cərimələrin insanları daha məsuliyyətli davranmağa vadar edə biləcəyi ehtimal olunur.
Lakin qanunvericiliyin tələblərinə görə, gündəlik məişət müstəvisində baş verən hər narazılığa görə cəza kəsilməsi nəzərdə tutulmayıb. Qonşuluq münasibətlərində ortaya çıxan bir çox anlaşılmazlıqlar inzibati xətalar deyil, mülki hüquq çərçivəsində tənzimlənir. Bu səbəbdən məişət zəminində yaranan problemlərin həllində cərimə rıçaqlarından istifadə edilməsi hüquqi baxımdan real deyil.
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, tətbiq olunan həmin inzibati cərimələrin qonşular arasında yaranan məişət münasibətləri ilə birbaşa əlaqəsi yoxdur:
“Yəni söhbət ondan getmir ki, qonşular arasında yaranan hər bir problemə görə avtomatik şəkildə inzibati cərimə tətbiq olunur. Əgər qonşu digər qonşuya hər hansı formada maddi və ya mənəvi zərər vurursa məsələn, mənzili su basırsa, əmlaka ziyan dəyirsə və ya digər problem yaradırsa bu halda məsələ daha çox mülki hüquq müstəvisində həll edilir. Zərərçəkən şəxs məhkəməyə müraciət edərək ona dəymiş ziyanın qarşı tərəf tərəfindən ödənilməsini tələb edə bilər. Belə hallarda əsas məqsəd cərimələndirmək deyil, vurulmuş maddi ziyanın kompensasiya olunması və tərəflər arasında yaranmış mübahisənin hüquqi qaydada həll edilməsidir”,- deyə o qeyd edib.
Bina evlərində və ya fərdi yaşayış sahələrində qarşı tərəfin hüquqlarını pozan hərəkətlərə yol verildikdə, zərərçəkən vətəndaşlar ilk növbədə dəymiş ziyanın həcmini müəyyən etməlidirlər. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilmirlərsə, məsələnin yeganə qanuni həll yolu məhkəmə çəkişməsidir. İnzibati orqanların qonşular arasındakı şəxsi əmlak mübahisələrinə müdaxilə etmək və ya cərimə yazmaq səlahiyyəti yoxdur.
Yəni, qonşunuz evinizi su bassa və ya əmlakınıza ziyan vursa, dövlət ona cərimə yazmır, siz məhkəməyə müraciət edib dəymiş ziyanın pulunu ondan tələb etməlisiniz.
Əfsanə Kamal
Demokrat.az