Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ölkədə təhsillə bağlı narazılıq çoxdur. Ən azı sosial platformalardakı reaksiyalar belə deməyə əsas verir. Cəmiyyət məktəblilərin dərs yükünün böyük olduğunu, şagirdlərə verilən materialların bilik əldə etmək üçün düzgün vasitələr olmadığını düşünür. Təhsil funksionerləri, demək olar, ittihamlarla razılaşmır.
Bizimyol.info xəbər verir ki, şagirdlərin riyazi savadığının aşağı düşməsi rəsmi göstəricilərlə də əksini tapir. 9-cu və 11-ci sinif buraxılış imtahanlarında riyaziyyatdan çox aşağı nəticələr əldə olunur. Statistika şagirdlərin bu fənni mənimsəməkdə ciddi şəkildə əziyyət çəkdiyini ortaya qoyur.
2021-ci ildə buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin 32,64 faizinin suallara verilən hüzgün cavablarının payı 20 faizi keçməyib. Sonrakı iki il ərzində göstərici 43,77 faizə çatıb. Son illər də irəliləyiş qeydə alınmır.
11-ci sinif şagirdləri daha zəif nəticələr ortaya qoyub. 2021-2024-cü illərdə göstərici 53,63 faizə qədər pisləşib. Yəni şagirdlərin yarıdan çoxunun suallara düzgün cavabları heç 20 faizi də keçmir.
Təhsil eksperti Vüqar Məmmədov nəticələri “riyazi savadsızlıq” kimi qiymətləndirməyin doğru olduğunu düşünür: “Bu fəlakətin ilk günahkarı kağız üzərində avropalı, sinif otaqlarında isə hələ də sovet rejimindən qalan kurikulum və onun icraçılarıdır. Riyaziyyat şagirdlərə həyatın aləti kimi deyil, beyin çürüdən quru düstur yığını və şablon mexanika kimi sırınır. Müəllimlər mühakimə yürütməyi, məntiqi sorğulamağı öyrətmək əvəzinə, proqramı “yola verməklə” məşğuldurlar. Nəticədə, imtahanda şagirdin qarşısına əzbərlədiyi çərçivədən cəmi iki dərəcə kənara çıxan, real təfəkkür tələb edən bir situasiya tapşırığı qoyulan kimi, yaddaşa söykənən o saxta sistem dərhal iflic olur və sıfıra yuvarlanır”.
Vüqar Məmmədov hesab edir ki, bünövrə ibtidai siniflərdən düzgün qoyulmalıdır. Yoxsa sonradan vəziyyəti düzəltmək çətin olur. Nəticələr ortadadır. Həqiqətən də, təhsil sistemində yanaşma dəyişməsə, göstəricilər yaxşılaşmayacaq. Ən əsası isə şagirdlər gerçək bilik əldə edə bilməyəcəklər.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.