NATO-nun sabiq baş katibi Yens Stoltenberq alyansı idarə etməyin getdikcə daha da mürəkkəbləşdiyini bəyan edib.
Redaktor.az xəbər verir ki, sabiq rəhbər bu barədə "Bloomberg" agentliyinə verdiyi müsahibəsində bildirib.
Stoltenberqin sözlərinə görə, ABŞ və avropalı müttəfiqlər arasındakı mövcud gərginliyi nəzarətdə saxlamaq, onun 2024-cü ildə vəzifədən getdiyi dövrlə müqayisədə indi daha çətindir.
"Mən iki il əvvəlkindən daha nikbin deyiləm, əksinə, vəziyyət daha da pisləşib", — deyə o vurğulayıb.
Sabiq baş katib, həmçinin ABŞ-nin Danimarkaya qarşı təhdidlərinin qəbulolunmaz olduğunu qeyd edib. Burada söhbət Amerika prezidentinin Qrenlandiyanı özünə birləşdirmək istəyindən gedir. Stoltenberq diqqətə çatdırıb ki, NATO-nun əbədi mövcud olacağına dair heç kim zəmanət verə bilməz. Onun fikrincə, müttəfiqlər alyansa sadiqliklərini daim sübut etməlidirlər. Bununla bərabər, eks-baş katib Avropa ölkələrinin müdafiə baxımından son onilliklərlə müqayisədə daha yaxşı hazırlaşdıqlarını, lakin psixoloji olaraq hələ də böyük müharibəyə hazır olmadıqlarını qeyd edib.
Mövzu ilə bağlı Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Dmitri Polyanski də xəbərdarlıq edib. O bildirib ki, Kalininqrada qarşı hər hansı təcavüz Rusiya ilə NATO arasındakı münasibətlərdə ən güclü detonatora (partladıcıya) çevrilə bilər. Diplomat alyans ölkələrinin Rusiya sərhədləri yaxınlığındakı hərbi aktivliyinin artıq Soyuq müharibə səviyyəsinə çatdığını da sözlərinə əlavə edib.
Xədicə BAXIŞLI