Türkiyə və Ermənistan liderləri regional gündəmi və münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə edib...
Poliqon xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı regionda mövcud vəziyyəti və Ankara–İrəvan münasibətlərinin normallaşdırılması perspektivlərini müzakirə ediblər.
Türkiyə prezident administrasiyasının yaydığı məlumata görə, Ərdoğan danışıq zamanı iki ölkə arasında münasibətlərdə müşahidə olunan müsbət dinamikanı qeyd edib. O bildirib ki, normallaşma prosesi davam edir və bu çərçivədə birbaşa ticarət mexanizminin işə salınmasına yönəlmiş praktiki addımlar üzərində iş aparılır.
“Normallaşma prosesi, o cümlədən birbaşa ticarət mexanizminin işə salınmasına yönəlmiş praktiki addımlarla davam edir”, deyə Ərdoğan bildirib.
Türkiyə lideri əlavə edib ki, Ankara regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri bundan sonra da dəstəkləmək niyyətindədir. Onun sözlərinə görə, regional əməkdaşlığın genişləndirilməsi və dialoqun davam etdirilməsi Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Telefon danışığı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində son illərdə davam edən diplomatik təmaslar fonunda baş tutub. Tərəflər daha əvvəl sərhədlərin açılması, iqtisadi əlaqələrin inkişafı və nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi ilə bağlı müxtəlif müzakirələr aparıblar.
Poliqon.info