ain.az, Bizimyol saytına istinadən bildirir.
İran ABŞ ilə dolayı danışıqları dayandırdığını açıqlayıb və bundan sonra Vaşinqtonla yalnız vasitəçilər üzərindən mesaj mübadiləsi aparacağını bildirib. Tehran bu qərarı İsrailin Livanda, xüsusilə Beyrut və cənub bölgələrində davam etdirdiyi hərbi əməliyyatlara etiraz olaraq verdiyini bəyan edib. Eyni zamanda İran və müttəfiqlərinin İsrailə təzyiq vasitəsi kimi Hörmüz boğazının bağlanması variantını da nəzərdən keçirdiyi bildirilir.İranın bu addımı regionda yeni qarşıdurma riskini artırır, yoxsa bu, sadəcə siyasi təzyiq vasitəsidir?
Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın ABŞ ilə birbaşa təmasları məhdudlaşdıraraq yalnız vasitəçilər üzərindən mesaj mübadiləsinə üstünlük verməsi ilk baxışda gərginliyin artdığını göstərsə də, bu addım daha çox diplomatik və siyasi təzyiq aləti kimi qiymətləndirilə bilər. Tehran bu yolla həm İsrailin Livan ərazisindəki əməliyyatlarına etirazını nümayiş etdirir, həm də Vaşinqtona regiondakı proseslərə görə məsuliyyət mesajı göndərməyə çalışır.
Politoloqun fikrincə, buna baxmayaraq, vəziyyətin tamamilə simvolik xarakter daşıdığını söyləmək də düzgün olmazdı.
“İranın regional müttəfiqləri vasitəsilə İsrailə qarşı təzyiq imkanlarının genişlənməsi və xüsusilə Hörmüz boğazının bağlanması ilə bağlı müzakirələrin gündəmə gəlməsi Yaxın Şərqdə təhlükəsizlik risklərini artırır. Hörmüz boğazı dünya enerji tədarükünün mühüm hissəsinin keçdiyi strateji marşrut olduğundan, onun fəaliyyətinin məhdudlaşdırılması qlobal neft bazarlarında ciddi qiymət artımına və beynəlxalq müdaxilə riskinə səbəb ola bilər. Lakin İran rəhbərliyi də yaxşı anlayır ki, boğazın faktiki bağlanması ABŞ və onun müttəfiqlərinin sərt hərbi reaksiyasını doğura bilər”-deyən politoloqun fikrincə, buna görə də hazırkı mərhələdə bu ssenari daha çox çəkindirici vasitə və danışıqlarda üstünlük qazanmaq üçün istifadə olunan təhdid kimi görünür.
Elman Telmanoğlu hesab edir ki, İran–ABŞ–İsrail qarşıdurmasının yaxın perspektivdə tammiqyaslı regional müharibəyə çevrilməsi ehtimalı yüksək görünmür: “Tərəflər arasında qarşılıqlı zərbə potensialı çox böyükdür və bu, müəyyən mənada onları birbaşa müharibədən çəkindirir. Daha real ssenari məhdud qarşıdurmaların, proksi qüvvələr üzərindən mübarizənin, kiberhücumların və diplomatik təzyiqlərin davam etməsidir. Bununla yanaşı, regionda hər hansı yanlış hesablanma, xüsusilə İsrail və ya İran tərəfindən atılacaq sərt addım vəziyyəti sürətlə nəzarətdən çıxara bilər. Ona görə də qarşıdakı dövrdə əsas tendensiya birbaşa müharibədən daha çox “idarə olunan gərginlik” modelinin davam etməsi kimi görünür. Lakin Yaxın Şərqdə hadisələrin sürətli dəyişmə dinamikası nəzərə alınarsa, risk amili əvvəlki dövrlərlə müqayisədə daha yüksək olaraq qalır”.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.