Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Tayvanda iki pilotun həyatını itirdiyi təyyarə qəzasından sonra Beechcraft T-34C tipli təlim təyyarələrinin uçuşları dayandırılıb.
XQ xəbər verir ki, bu barədə Tayvan Hərbi Hava Qüvvələrinin nümayəndəsi, general-mayor Tsyan İçen məlumat verib. O bildirib ki, hadisənin səbəbləri tam araşdırılana qədər həmin modelə aid bütün təyyarələrin istismarı qeyri-müəyyən müddətə məhdudlaşdırılıb.
Generalın sözlərinə görə, uçuş proqramında nəzərdə tutulan hazırlıq prosesləri müvəqqəti olaraq simulyatorlar vasitəsilə davam etdiriləcək.
Qəza iyunun 2-də Kaosyun şəhəri yaxınlığında yerləşən Qanqşan aviabazası ətrafında qeydə alınıb. Məlumata görə, ekipaj mühərrik nasazlığının imitasiya olunduğu mürəkkəb təlim tapşırığını yerinə yetirərkən hadisə baş verib.
Hərbi Hava Qüvvələri təyyarənin bu ilin aprel ayında texniki baxışdan uğurla keçdiyini, həmçinin uçuş zamanı hava şəraitinin normal olduğunu açıqlayıb.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə xüsusi araşdırma komissiyası yaradılıb və istintaq tədbirləri davam etdirilir.