AZ

Ermənistanda Fransa hərbi bazası

İrəvan yayılan məlumatları indilikdə təkzib etməyə üstünlük verir, amma Moskvadan üz döndərən ölkəni Parisdən başqa kim müdafiə edə bilər?

Ermənistan Müdafiə Nazirliyi ölkə ərazisində 840 fransız hərbçisinin yerləşdirilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bu barədə açıqlamasında danışıb. Onun sözlərinə görə, yayılan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. “Yayılan saxta materiallar toplusu Ermənistana qarşı həyata keçirilən hibrid fəaliyyətlər çərçivəsində növbəti dezinformasiya kampaniyasıdır. Belə informasiya hücumlarının məqsədi cəmiyyətdə etimadsızlıq və daxili gərginlik yaratmaq, həmçinin Ermənistanla beynəlxalq tərəfdaşları arasında əməkdaşlığa olan etimadı sarsıtmaqdır”, - Aram Torosyan bildirib.

Ermənistan ərazisində xarici hərbi birləşmələrin yerləşdirilməsinə yalnız iki halda icazə verilir: Ermənistan tərəfindən təsdiq edilmiş beynəlxalq müqavilələr əsasında və ya hərbi vəziyyət şəraitində və yalnız ölkənin suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı məqsədlər üçün.

Ermənistanının Müdafiə haqqında Qanununun 1-ci maddəsinə əsasən, digər ölkələrin silahlı qüvvələrinin birləşmələri respublikada yalnız qanunla müəyyən edilmiş qaydada və beynəlxalq müqavilələr əsasında yerləşdirilə bilər. Bu cür ımüqavilələrin bağlanmasına icazə və onların təsdiqlənməsi hökumətin təsdiqindən sonra Ermənistan parlamenti tərəfindən təsdiqlənməlidir. Dövlətin ərazisində qanunla və beynəlxalq müqavilələrlə nəzərdə tutulmayan digər hərbi birləşmələrin yaradılması və ya mövcudluğu qəti qadağandır. Oxşar hüquqi mexanizmlər, məsələn, Ermənistan və Rusiya Federasiyası arasında bağlanmış dövlətlərarası müqavilə əsasında fəaliyyət göstərən Gümrüdəki 102-ci Rusiya hərbi bazasının yerləşdirilməsinə də tətbiq olunur. Bazaların yaradılması ilə bağlı hər hansı yeni təşəbbüslər dövlət səviyyəsində ciddi təsdiq proseduru tələb edir.

Ermənistanda Fransa hərbi bazasının təkzibinin arxasındakı gerçək nədir? Rusiyadan üz döndərəcəyi halda Ermənistanı Parisdən başqa kim müdafiə edə bilər? Qanunlardan da göründüyü kimi, buna xüsusi əngəllər mövcud deyil.

Ramil

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Fransa hərbi attaşesi Ermənistanda fəaliyyət göstərir. Eyni zamanda Avropa Birliyinin mülki missiyası adlanan heyətdə də fransız jandarmasının olduğunu deyən R.Məmmədli hesab edir ki, Fransa faktiki bölgəyə bu ölkə üzərindən yerləşməyə çalışır: “Şübhəsiz ki, burada Fransa ordusunun kəşfiyyat təyinatlı bir qrupunun iştirakından söhbət gedir. Ermənistanda fransız qoşunlarının olması isə mümkün deyil. Çünki KTMT üzvüdür. Fransa isə bu bloka antoqonist olan NATO ölkəsidir. Bunun üçün Ermənistan gərək KTMT-dən de-yure çıxsın, sonra təhlükəsizlik sahəsində özünün yeni tərəfdaşını elan etsin. Hələ ki Ermənistan sərhədləri rus hərbçiləri tərəfindən mühafizə olunur. Ona görə də Ermənistanın təkzib verməsi başadüşüləndir”.

Hərbi ekspert bildirib ki, Ermənistan Fransa ilə hərbi-texniki əməkdaşlığını genişləndirir. O, buna misal olaraq 28 may paradında Fransanın “Biston” zirehli texnikasının nümayiş etdirilməsini göstərir: “Avropa Birliyinin şərti sərhəddə olan missiyasındakı Fransız jandarması isə Parisin Cənubi Qafqazda öz hərbi varlığını göstərməyə hesablanıb. Seçkilərdən sonra Paşinyan bu addımlarını gücləndirəcək. Fransa Ermənistan üzərindən regionda hərbi mövcudluğunu artırmağa çalışır. Sözsüz ki, məqsəd Rusiyanın hərbi bazasını çıxarmağa hədəflənib. Fransa lideri Makron da İrəvanda olarkən demişdi ki, burada 4 min rus əsgəri var. Onun bu sözü deməyə əsas verir ki, Fransa bölgədə Rusiyanın ən çox təsiri olan Ermənistanda onun mövqeyini zəiflətmək istəyir”.

Ekspertə görə, hətta Makrondan sonra da Fransanın Ermənistan siyasətində ciddi dəyişiklik gözləmir: “Çünki Qərb - yəni Avropa Birliyi və ABŞ Rusiyanı bölgədən çıxarmaqda israrlıdır. Bu, yanlız Makron hakimiyyəti ilə məhdudlaşmır. Amma gələcəkdə rus qoşunlarının yerinə Avropa və ya Fransa ordusunun Ermənistana yerləşəcəyi o qədər də asan məsələ deyil. Nəzərə alaq ki, Rusiyanın Ermənistanda ciddi təsirləri var. Məsələn, Gümrü hərbi bazası Rusiya və Ermənistan arasında imzalanan müqaviləyə əsasən, 2044-cü ilə qədər fəaliyyətini davam etdirməlidir. Ona görə də Fransanın bölgədə avantürüst addımları yalnız gərginliyə səbəb ola bilər”.

Hərbi ekspert Fransanın Ermənistanda hərbi baza yerləşdirməsini NATO-nun regiona yerləşməsi kimi dəyərləndirir: “Buna təkcə Rusiya deyil, İran da etiraz edəcək. Onsuz da Tehran rəsmiləri tez-tez İrəvana xəbərdarlıq edirlər ki, Qərbin bölgəyə gətirilməsi əlavə gərginliyə səbəb olacaq. Bu mənada Paşinyanın təhlükəsizlik sahəsində addımları risklərlə müşayiət olunur”.

Xatırladaq ki, Makron və Paşinyan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Ermənistanın “Zham.am” nəşri “Fransa ilə hərbi əməkdaşlıq proqramları Ermənistan üçün hansı təhlükələri yaradır?” başlıqlı məqalə yazıb. Nəşrə görə, sazişin əsasını müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və Parisin “Airbus” korporasiyası üçün “mümkün perspektivlər” gördüyü nəqliyyat razılaşmaları təşkil edir. “Paşinyan bu sazişləri guya "Ermənistanın hərbi sahədə diversifikasiya siyasəti" kimi təqdim edəcək. Lakin bu addımla Paşinyan Ermənistanı eyni anda bir neçə tərəfdən hədəfə çevirəcək. Əvvəla, bu hərbi əməkdaşlıq Moskva tərəfindən son dərəcə düşməncəsinə qarşılanacaq.

Nəzərə almaq lazımdır ki, bu gün Moskva ilə Paris arasında münasibətlər artıq sadəcə soyuq deyil, demək olar ki, yarımhərbi xarakter alıb. Fransa digər Avropa ölkələri ilə birlikdə Rusiyanı Ukraynada mövqelərindən geri çəkilməyə məcbur etməli olan siyasət elan edib və bu, Moskva tərəfindən demək olar ki, yarımhərbi addım kimi qəbul olunur", - deyə müəllif qeyd edib.

Məqalədə bildirilib ki, İran da NATO ölkəsi ilə Ermənistanın belə bir saziş bağlamasını öz şimal sərhədlərinə qarşı yeni təhlükə ocağının yaradılması kimi qiymətləndirir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

Seçilən
17
musavat.com

1Mənbələr