AZ

Görüş yeri dəyişmədi

"Bakı-Ekspo" Mərkəzi qlobal enerji şirkətlərinin ənənəvi ünvanıdır

"Bakı-Ekspo" Mərkəzi növbəti dəfə dünyanın enerji sənayesinin diqqət mərkəzinə çevrilərək qapılarını ziyarətçilərin üzünə açıb. İyunun 1-dən fəaliyyətə başlayan 31-ci  Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil and Gas") və 14-cü  Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi ("Caspian Power") keçmişin uğurlarını, bu günün gücünü və sabahın potensialını eyni platformada birləşdirən mühüm beynəlxalq tədbir kimi diqqət çəkir. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələri, aparıcı şirkətləri və sahə mütəxəssislərini bir araya gətirən bu mötəbər platformada enerji sektorunun ümdə məsələləri müzakirə olunur, yeni əməkdaşlıqların əsası qoyulur.

Sərginin rəsmi açılışı ilə başlayan bu beynəlxalq enerji platforması öz atmosferi və təqdim etdiyi mənzərəsi ilə xüsusi diqqət çəkir. Burada hər stend, hər təqdimat, hər fikir bir tarix danışır. İllər öncə sərginin ilk addımlarından başlayan yol bu gün enerjinin qloballaşan dilinə çevrilib. Sərgi mərkəzinə ayaq basandan etibarən insanı özünə çəkən bir enerji atmosferi hiss olunur. Sanki burada təkcə cihazlar və texnologiyalar deyil, eyni zamanda ideyalar, məqsədlər və gələcək üçün qurulan ümidlər nümayiş olunur. İşıqlı stendlər, interaktiv ekranlar, canlı təqdimatlar və dünyanın dörd bir yanından gələn iştirakçıların səmimi dialoqları tədbiri adi bir sərgidən fərqləndirir. 

44 ölkədən 274 şirkətin iştirak etdiyi tədbir sanki qitələri və mədəniyyətləri eyni məkanda görüşdürən böyük bir enerji körpüsü rolunu oynayır. Almaniyadan Yaponiyaya, ABŞ-dən Səudiyyə Ərəbistanına, Böyük Britaniyadan Çinə qədər uzanan geniş coğrafiya "Bakı-Ekspo" Mərkəzində qlobal enerji dialoqunun rəngarəng mənzərəsini yaradır. Milli pavilyonlarla təmsil olunan Almaniya və Rusiya isə bu beynəlxalq əməkdaşlıq xəritəsinə xüsusi çalar qatır. Ayrı-ayrı pavilyonlarda  yalnız şirkətlər deyil, həm də yeni ideyalar, innovativ yanaşmalar və gələcəyə hesablanmış layihələr sərgilənir. 

Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında ABB, "Acwa", "AZEL Systems LLC", "Baku Steel Company", bp, "ExxonMobil", "XRG", "Gap İnşaat", "GL", "Gran Tierra Energy", "Inpex", INTI, KPMG, "Kolin İnşaat", "Masdar", "MOL Group", SLB, "Umid Babek Operating Company (UBOC)", "TotalEnergies" və "Türkiye Petrolleri AO" kimi nüfuzlu şirkətlər yer alır.  İştirakçıların 35 faizini təşkil edən yeni iştirakçı şirkətlər enerji sektorunun daim yenilənən və inkişaf edən xarakterini əks etdirir. Xarici şirkətlərin üstünlük təşkil etməsi Azərbaycanın enerji bazarına artan beynəlxalq marağın göstəricisidirsə, yerli müəssisələrin fəal iştirakı ölkənin bu sahədəki güclü potensialının və artan rolunun nümayişidir.  Pavilyonlarda təqdim olunan qabaqcıl texnologiyalar regionda və dünyada enerji keçidinin nə qədər sürətlə irəlilədiyini aydın şəkildə əks etdirir. 

Sərgidəki  texnologiyalar arasında süni intellektlə idarə olunan qazma sistemləri, boru xətlərinin dronlarla monitorinqi və karbon emissiyalarının azaldılmasına yönəlmiş innovasiyalar xüsusi maraq doğurur. Hər guşə, hər stend, hər təqdimat enerji sektorunun gələcəyinə açılan bir pəncərə təsiri bağışlayır. Günəş panelləri, külək turbinləri, rəqəmsal idarəetmə sistemləri və "ağıllı şəbəkə" konsepsiyaları sərginin əsas mövzuları sırasında yer alır. Böyük ekranlarda əks olunan rəqəmlər, qrafiklər və modellər sabahın enerji xəritəsini göz önündə canlandırır. Burada  məhsullar və texnologiyalarla yanaşı, ideyalar, baxışlar və gələcəyə dair hədəflər də nümayiş  olunur.

Dünyanın müxtəlif ölkələrindən gələn şirkətlərin nümayəndələri öz uğurlarını təqdim etməklə yanaşı, enerji keçidi, dayanıqlılıq və innovasiya ilə bağlı baxışlarını da bölüşürlər. Sərgi salonunda addımladıqca adama elə gəlir ki, burada hər məmulatın, hər detalın öz hekayəsi var. Bu hekayələr insan zəkasının, mühəndis düşüncəsinin, yeniliyə olan marağın və gələcəyə inamın təcəssümüdür. Ziyarətçilər qısa zaman ərzində müxtəlif ölkələrin qabaqcıl texnoloji yenilikləri ilə tanış olur, interaktiv stendlərdə nümayiş etdirilən prosesləri yaxından izləyir, mütəxəssislərlə birbaşa ünsiyyət quraraq təcrübə mübadiləsi aparırlar. Hər görüş, hər söhbət və hər təqdimat yeni ideyaların ortaya çıxmasına zəmin yaradır.

Elə buradaca qeyd edək ki, 14-cü "Caspian Power"in  pavilyonunda tamam fərqli bir ab-hava hökm sürür. Pavilyonda nümayiş etdirilən günəş panelləri, elektrik enerjisi ilə çalışan "ağıllı enerji" saxlama sistemləri və yerli startapların təqdim etdiyi innovativ mikroşəbəkə layihələri ziyarətçilərin xüsusi marağına səbəb olur. Buranın özəlliyi ondadır ki,  təqdim olunan texnologiyalar yalnız gələcəyin konsepsiyası kimi deyil, artıq bu gündən tətbiq edilən real layihələr kimi nümayiş etdirilir. Ona görə də ziyarətçiləri düşündürən əsas məsələ texnologiyanın özü deyil, onun yaratdığı imkanlardır. Yerli və beynəlxalq şirkətlərin təqdim etdiyi "yaşıl layihə"lər, "ağıllı şəbəkə"lər gələcəyin enerjisinə atılan real və praktiki addımlar kimi təqdim olunur. Daha təmiz hava, daha təhlükəsiz enerji təminatı və daha dayanıqlı gələcək naminə atılan addımlar "Caspian Power" pavilyonunu, sadəcə, sərgi məkanı deyil, gələcəyin enerji modelinin nümayiş olunduğu canlı platformaya çevirir.

Günboyu keçirilən panel sessiyalar isə sərginin intellektual çəkisini artırır. Enerji keçidi, rəqəmsallaşma, yeni bazar modelləri - bütün bu mövzular dünyanın aparıcı enerji beyinləri tərəfindən müzakirə edilir. Sessiyalarda müxtəlif ölkələrdən gələn mütəxəssislər təkcə texnologiya haqqında danışmır, həm də ortaq gələcəyə dair strateji baxışlar səsləndirirlər. Bu da o deməkdir ki, sərgiyə evsahibliyi edən  ölkəmiz tədbirdə həm də biliklərin, təcrübələrin və qlobal dialoqun təşəbbüskarı kimi çıxış edir. Çünki enerji təkcə hasil olunan resurs deyil, həm də paylaşılacaq məsuliyyətdir.  Gələcək çox da uzaqda deyil, o buradadır - bu zalda, bu baxışlarda, bu təşəbbüslərdə.

Bəlkə də indi sərgi salonunda maraqla ətrafı izləyən gənc mühəndis gördüyü bir yenilikdən ilham alaraq sabah enerji sektorunun aparıcı simalarından birinə çevriləcək. Bəlkə də burada səsləndirilən bir fikir və ya təqdim olunan bir layihə beynəlxalq əməkdaşlığın yeni istiqamətini müəyyənləşdirəcək. Məhz buna görə "Bakı Enerji Həftəsi" təkcə texnologiyaların nümayiş olunduğu platforma deyil, həm də gələcəyin formalaşdığı, ideyaların gerçəyə çevrilməyə başladığı bir məkandır.

Züleyxa ƏLİYEVA, 

İlham BABAYEV (foto),

"Azərbaycan"

Seçilən
55
azerbaijan-news.az

1Mənbələr